Ötən gün PFL-in koronavirus pandemiyası səbəbindən “Qarabağ” – “Qəbələ” oyununu da təxirə salması ilə Premyer Liqanın 12-ci turu "yoxa çıxdı". Bundan 3 gün öncə isə “Sabah” – “Neftçi”, “Keşlə” – “Səbail”, eləcə də bu gün keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunları ləğv edilmişdi.

Offsideplus.az xəbər verir ki, turun görüşlərinin nə vaxt keçiriləcəyi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “futbolpress”ə açıqlamasında yeni tarixlərin hələ müəyyənləşmədiyini, çempionatın gələcək taleyinin yoluxma sayından, ölkədə koronavirusa görə veriləcək qərarlardan asılı olacağını bildirib.

Maskalarımızın yuxarı çəkildiyi bu səssiz pandemiya dönəmi barədə klublarımızın baş məşqçiləri nə düşündüyü ilə maraqlandıq. İndiki məqamda koronavirusun yaratdığı çətinlikləri nəzərə alaraq çempionatın dayandırılması məsələsinə baş məşqçilər necə baxır?

Hazırda özü də koronavirusa yoluxan və müayinəsini davam etdirən Qurban Qurbanovun fikirlərini öyrənmək cəhdimiz fayda vermədi. Klubun mətbuat katibi əvəzi Yusif Hüseyn baş məşqçiyə sual vermək üçün növbəti oyunsonrası mətbuat konfransını gözləməli olduğumuzu bildirdi.

Rəşad Sadıqov, Ayxan Abbasov kimi məşqçilərin məsələyə yanaşma tərzini öyrənmək adıyla döydüyümüz hər qapı, təcriddə olan stadionları ilə birlikdə üzümüzə bağlandı.

Digər baş məşqçilər isə son günlər verdiyi açıqlamalarla çempionatın dayandırılmasına qarşı olduqlarını bildiriblər. Bu adlar içərisində yalnız “Sabah” komandasına başçılıq edən Visente Qomes çempionatın dayandırılmasına razılığını açıq-aşkar qeyd etdi.

Azərbaycan Premyer Liqası klublarının baş məşqçilərinin pandemiya dövründə çempionatın dayandırılması ilə bağlı verdiyi açıqlamaları təqdim edirik:

Visente Qomes (“Sabah”): “Bu cür qərarın verilməsi baxımından məndə kifayət qədər məlumat yoxdur. Bu işdən məsul olan şəxslərin bu yöndə daha çox məlumata sahib olduğuna və buna görə də daha düzgün qərar verəcəklərinə inanıram. Ancaq hazırda olan vəziyyətə, bizdə olan məlumatlara əsaslansaq, çempionatı indi dayandırıb, gələn il davam etdirməyi daha məqsədəuyğun hesab edirəm. Dekabrın 20-də çempionatın ilk yarısının bitəcəyini və fasilə yaranacağını nəzərə alsaq, indidən fasilənin elan olunması daha məqsədəuyğun olardı. Ümid edirəm ki, fevralda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət yaxşılaşacaq, hər şey qaydasına düşəcək və bundan sonra çempionatı normal axarında davam etdirmək mümkün olacaq”.

Aftandil Hacıyev ("Səbail"): "Davam etməyini istərdik, amma bütün hallarda sağlamlıq hər şeydən önəmlidir. İnanırıq ki bu ayda qalan oyunlarımızı başa vura biləcəyik".

Elmar Baxşıyev (“Qəbələ”): Klub olaraq çempionatın davam etdirilməsini istəyirik. Ona görə bunun tərəfdarıyıq ki, dayanmanın acısını bir dəfə çəkdik. Futbolsuz qalmaq çox çətindir - həm oyunçulara, həm biz məşqçilərə. Təkrar o duruma düşmək istəmirik. Əlbəttə, ən yaxşı variant çempionatı sonadək tamamlamaqdır. Klub olaraq biz də dayandıra bilərdik. "Sumqayıt"la həmin matçda 7-dən də çox - 8 futbolçumuz var idi ki, virusa görə komandadan kənarda qalmışdı. Ancaq klub olaraq qərar verdk ki, ertələmək yox, əlimizdə olan futbolçularla davam etmək lazımdır. Onda əlimizdə lap 12-13 futbolçu da olsaydı, çıxışımızın davamını istəyərdik (Sport24).

Samir Abasov (“Neftçi”): "Çempionat dayandırılsa, bunun fəsadları da var. Məsələn, sabah desinlər ki, çempionatı 15 gün saxlayaq. 15 gündən sonraya da zəmanət verən yoxdur axı. 15 günə vəziyyət düzəlməsə, yenidən müddət uzana bilər. İndiki vəziyyətdə də konkret çatışmazlıqlar var. İşimizi qura bilmirik. Konkret olaraq məşq, oyun yaddan çıxıb, virusla, baş verən situasiya ilə mübarizə aparırıq. Hamı bu əziyyəti çəkir. Vəziyyət həqiqətən yaxşı deyil" (Sportinfo).

Yunis Hüseynov (“Keşlə”): “Oynayıb qurtarsaq, daha yaxşı olar. İnşallah, bu ayın axırına futbolçular düzələr, yoluxma sayı azalar, bütün komandalar yanvarda məşqlərinə başlayıb daha yaxşı hazırlaşarlar. Ancaq birinci sağlamlıqdır. Futbolçuların sağlamlıqları daha önəmlidi. Hamının ailəsi, uşağı var. Xəstəlik artsa, bu virusu ailələrinə yoluxdursalar, lap pis olar. Belə düşünürəm ki, bu 3 turu gələn il keçiriləcək çempionatda hansısa bir vaxta salmaq olar. Ancaq indi saxlayanda da komandalar üçün 1 aylıq fasilə olur. Yanvarın 5-dən hamı məşqlərə başlayır. Təbii ki, inşallah, hər şey yaxşı olsa. Belə vəziyyətdə ikisinin arasında qalırsan. Keçirilsə, daha yaxşıdı, ancaq əsas sağlamlıqdı” (Sport24).