Bir ilə yaxın, bəlkə də daha artıq müddətdə ondan səs-soraq yoxdur.
Sonuncu dəfə mətbuata, səhv etmirəmsə, 2019-cu ilin aprelində açıqlama vermişdi. Geridə qalan aylar ərzində idman mətbuatının nümayəndələri onunla danışmaq üçün çox cəhd göstərsə də, hamıya eyni cavabı verib: açıqlama vermək istəmirəm.
Söhbət kimdən gedir? Sizləri çox intizarda saxlamayaraq adını deyirəm: Kamran Ağayev. O Kamran ki, uzun illər ölkənin "1 nömrə”si olub, O qokiper ki, 11 il Azərbaycanın əsas komandasının son ümidi olub. O Ağayev ki, uğurlu karyera qurmasına rəğmən, futboldan səssiz-küysüz uzaqlaşıb. Açığı, mən də dəfələrlə qapıçı ilə telefonla danışmaq istəmişəm. Ancaq həmkarlarıma söylədiyini mənə də deyib. Bu günlərdə "Neftçi”nin Azadlıq prospektindəki köhnə bazasında üz-üzə gələndə, "saqqızını oğurlaya”, danışmağa razı sala bildim. Düzdü, yenə də danışmaq istəmirdi. Ancaq necə deyərlər, üz-üzdən utanır. İllərə söykənən münasibətimizi nəzərə alan Ağayev bir neçə sualıma cavab verə biləcəyini dedi.
- Uzun müddətdi səni tapmaq olmur. Hardasan, nə işlə məşğulsan?
- Harda olacam, Azərbaycanda, Bakıda, evimdə-eşiyimdə.
- Niyə mətbuatdan uzaq qaçırsan?
- Özün də bilirsən ki, sənin kimi çoxları müsahibə götürmək üçün müraciət edib. Birinə müsbət, birinə mənfi cavab versəm, yaxşı çıxmaz. Ona görə də qərara gəldim ki, ümumiyyətlə, heç kimə müsahibə, açıqlama verməyim. İstəmirəm ki, mənim söyləyəcəklərimi sonradan kimlərsə şouya çevirsin, bunun üzərindən özünə reytinq yığsın. Karyeram boyunca dəfələrlə bunun şahidi olmuşam. Çox vaxt mənim dediklərimi bilərəkdən konteksdən çıxarıb ictimaiyyətə başqa cür təqdim ediblər.
- Yaxşı, sualı belə verim, niyə futboldan uzaq düşmüsən?
- Bu məndən asılı olan şey deyil axı, deyim bu səbəbdən futboldan uzaqlaşdım. Ötən mövsümün sonuna 5 tur qalmış əlim sındı. Bir var sınmaq, bir də var əcaib vəziyyətə düşmək. Sümük sınıb üzə çıxmışdı. Həmin vaxt şərəfini qoruduğum klub məni xəstəxanaya çatdırdı. Və bununla da hər şey bitdi. Ondan sonra heç kim durumumla maraqlanmadı ki, vəziyyət necədi. Gips 40 gün qalmalıydı, ancaq sümük əyri bitmişdi deyə, yenidən sındırıb gipsə qoydular. Fürsətdən istifadə edib gənc futbolçulara üzümü tutub demək istəyirəm: nə qədər ki, futbol oynayırsız, sizə maraq var, müqavilə təklif edirlər, heç kimi və heç nəyi nəzərə almadan özünüzü düşünün, gələcəyinizi fikirləşin. Bu yaxşı qardaşdır, bu klub rəsmisi ürəkdir, filankəs canlara dəyən oğlandır, ona görə nədəsə güzəştə gedim, nəyisə bağışlayım deməyin. Sırf özünüzün gələcəyinizi nəzərə alıb, şərtlərinizi diqtə edin. Çünki mən öz timsalımda son bir ildə çox şeyləri gördüm. Fiziki zərbə öz yerində, futbolda zədə qaçılmazdı, mənəvi cəhətdən ağır zərbələr aldım. Vaxtilə mənə qardaş deyənlərin, zədəli olan vaxt qapıma dərman gətirənlərin, "sənsiz bizim bir günümüz olmasın” söyləyənlərin maskaları cırıldı, əsl simaları göründü. Kimin kim olduğunu bu arada gördüm.
- Bəs AFFA rəhbərliyi? Hər halda, 11 il yığmanın əsas qapıçısı olmusan. Assosiasiyadan da səninlə maraqlanan olmadı?
- Bu gün səninlə "Neftçi baza”da görüşürük. Futbolsusz qaldığım vaxtda tez-tez bura gəlirəm, veteran futbolçularla görüşüb çay içirik, söhbət edirik. Futbol oynadığım dönəmdə belə şeylərə fikir vermirdim. Özün də görürsən ki, burda kimlər var. Bu adamlar, illərini futbola həsr edənlər işsiz qalıblarsa, mənə nə edəcəklər? Ola bilsin, bizim futbol oynamış, illərini bu sahəyə qurban etmiş veteranlarımız ingilis dilini bilmirlər. Ancaq onların təcrübəsindən yararlanmaq olar ki. Bu adamlar Xarici Dillər Universitetinə qəbul olunmaq istəmirlər, onlara iş lazımdır. Bizdə hər şey fərqlidir. Həyatında bir dəfə böyük futbol oynamayan, həyəcanın, stressin nə olduğunu bilməyənlər guya ölkə futbolunun inkişafına çalışırlar. Ay qardaş, siz bilmirsiz axı tərli mayka nədi, zədə necə olur, oyundan öncə futbolçu hansı hissləri keçirir, qələbə sevinci nə olan şeydi, məğlubiyyətin acısını necə çəkirsən... Adlı-sanlı veteranlarımıza diqqət ayırmayanlar mənə hansı diqqəti göstərəcək? Heç olmasa, Gürcüstana baxın. Federasiyanın binasına girəndə qarşına ancaq vaxtilə futbol oynamış şəxslər çıxır. Bizdə isə əksinədi, AFFA-nın binasında assosiasiyada işləyən veteran futbolçu görənə mükafat düşür. Olmaz belə, kadr seçimində bu qədər yanlışlıq olmaz.
- Ancaq sualıma dəqiq cavab vermədin...
- Son bir ildə iki dəfə Elxan Məmmədovla görüşmüşəm. Üçüncü dəfə isə belə görüş olmayacaq. Çünki özüm istəmərəm ki, onunla üz-üzə gəlim. Mən ondan pul, bəziləri kimi klub tapmasını istəmədim. Şükür Allaha, futbol oynadığım dönəmdə gələcəyim üçün nəsə etməyi bacarmışam, güzəranımdan şikayətçi deyiləm. Məmmədovdan yeganə xahişim məşq etmək üçün mənə müəyyən şəraitin yardılması idi. Ancaq... Bilirsən, çox şey danışmaq istəyirəm və danışacam da. Yaxın vaxtlarda mətbuat konfransı keçirməyi qərarlaşdırmışam. Ayrı-ayrılıqda jurnalistlərin suallarını cavablamaqdansa, düşünürəm ki, hamısını bir araya gətirib bütün suallara cavab verim. Orda hər şeyi açıb danışacam, son iki ildə başıma gələn oyunları ictimaiyyətə açıqlayacam. Orda deyəcəm ki, Portuqaliyaya necə getdim, mənim ora yollanmağım kimlərə dividend qazandırdı. Çoxları məni Portuqaliyada qalmadığıma görə qınayır. Ancaq heç kim bilmir ki, "Boavişta”da aldığım maaş yarımaylıq xərclərimi qarşılayırdı. Heç kim bilmir ki, mən orda hansı şəraitdə qalırdım. Mənə deyirdilər ki, səbirli ol, növbəti ildə daha yaxşı kluba gedəcəksən, hər şey daha yaxşı olacaq. Ancaq bütün bunların hamısı boş söz-söhbət idi. AFFA-da oturanlara o lazım idi ki, kimin və ya kimlərinsə qarşısında hesabat verərkən "Kamran Portuqaliyada çıxış edir, filankəs digər Avropa ölkəsində oynayır” desinlər. Bizim, mənim üzərimdən özlərinə gün ağlayırdılar. Həmin vaxt mətbuata nəsə açıqlama verən kimi də "belə açıqlama vermə” deyirdilər. Mənə "xasiyyəti pisdi, çox danışır” deyirlər. Bəli, heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Buna görə də həmişə pis olmuşam. Mən futbolun o üzünü də görmüşəm, "gül vaxtını” da. Şlanqdan gələn su ilə çimib, "peraşki” yediyimiz vaxt da olub, yaxşı pul qazandığımız dönəm də. Ancaq hər iki dönəmdə düz danışmağı sevmişəm. Elə olub ki, şərəfini qoruduğum klublarda öz maaşımdan əməkhaqqı az olan oyunçularımıza yardım etmişəm ki, futboldan küsməsinlər. İndi həmin adamlar da mənimlə əlaqə saxlamırlar. Əslində buna ehtiyacım da yoxdu. Ancaq onların keçmişlərini belə tez unutmaları mənə yer edir. Karyeramın zirvə vaxtında hər kəs deyirdi ki, Kamran mənim yetirməmdi, onu Azərbaycan futboluna mən bəxş etmişəm. İndi hardadı həmin dırnaqarası mütəxəssislər? Niyə biri zəng vurub maraqlanmır ki, yetirməm dediyi oğlan hardadı, nə iş görür? Mən futbola pula görə gəlməmişdim. Bizim vaxtımızda heç belə şeylərə diqqət verən də yox idi. Bizimki topa, bu oyuna olan sevgi idi. Və indiyə qədər də bu sevgi davam edir, belə başa düşürəm ki, heç vaxtda bitməyəcək. Mən futbol oynamışam, futbolla oynamamışam. Ancaq görürəm ki, AFFA-da oturanların çoxu məhz futbolla oynamaq üçün bu sahəyə üz tutublar. Bu qədər adlı-sanlı veteranlarımızın işsiz qaldığı vaxtda futboldan bixəbərlərin ora yığışması, görünür, kimlərəsə sərf edir. Buna görə də futbolumuz nəinki inkişaf edir, heç yerimizdə də saymırıq. Hər gün böyük addımlarla geriyə qayıdırıq.
- Sözlərindən belə başa düşdüm ki, vaxtilə çiyin-çiyinə oynadığın, kömək etdiklərinin heç biri səninlə maraqlanmayıblar.
- Ruslan Əmircanovla dost olduğumu hamı bilir. O həmişə yanımda olub. Onunla ömrümün sonuna kimi bir yerdə olacam. Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev daim əlaqə saxlayıb, bu gün də məşq etməyim üçün rəhbəri olduğu idman kompleksində şərait yaradıb. Bir də Qurban Qurbanovun adını çəkərdim. Bunu bəlkə də çoxları bilmir, ancaq Qurban müəllim ötən il mənə zəng vurub görüşmək istədiyini söylədi. Özlüyümdə "nə deyəcək” fikirləşib, onunla görüşə yollandım. Açığı, ağlımdan başqa şeylər keçirdi. Ancaq həmin vaxt Qurban müəllim "Kamran, nə fikirləşirsən” dedi. Onda heç Asmir Beqoviçlə anlaşmamışdlar. Başa düşdüm ki, məni "Qarabağ”da görmək istəyir. Ancaq mən də kişiliymə sığışdırıb "gələrəm” demədim. Özünə də dedim ki, əlim hələ gipsdədi və gipsin açılması 5 ay çəkəcək. Ondan sonra optimal formaya düşmək üçün də minimum 3 ay lazımdı. Yalandan komandada yer almaq istəmədim. Qurbanov futbolun incəliklərindən xəbərdar olan biri kimi durumumu yaxşı başa düşürdü, buna baxmayaraq, mənə jest etdi. Söhbətimizin sonunda "nə kömək lazım olsa, de, çəkinmə” söyləyib ayrıldı. Həmin an az qala göz yaşlarıma sahib çıxa bilməyəcəkdim, çox dolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdı. Karyeram ərzində bir neçə dəfə "Qarabağ”da oynamaq şansım olub. Rəşad Sadıqov vasitəsi ilə mənə mesaj göndəriblər. Lakin hər dəfə də təklifləri geri çevirmişəm. Sonuncu dəfə Qurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necə böyük ürəyə sahib olmasının göstəricisidi. Özüm-özümdən utandım ki, yaxşı vaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı.
- Gələcəklə bağlı nə düşünürsən? Tamam, yoxsa davam?
- Bu gün artıq çəkim olsa da, fərdi şəkildə məşqləri davam etdirirəm. Hələ ki gələcəklə bağlı son qərarımı verməmişəm. Ancaq karyeramı bitirməli olsam da, futbolda qalmağı düşünürəm. Çünki mən ruhən bu sahəyə bağlıyam. Gələcəyimi də ancaq futbolda görürəm.
Mənbə: "Futbol+” qəzeti