Koronavirus səbəbindən dayandırılmış Azərbaycan Premyer Liqasının oyunları qaldığı yerdən davam etdirilə bilər.

Offsideplus.az-a daxil olan məlumata görə, çempionat oyunları iyunun 12-də bərpa olunacaq.

Nazirlər Kabinetinin yanındakı Operativ Qərargah mayın 18-dən sonra idman zallarının istifadəsinə icazə verəcəyi gözlənilir. Karantin rejiminin sonuna kimi klublar məşq proseslərini bərpa edəcəklər.

Bu barədə informasiya AFFA-ya bildirilib. Futbol Federasiyası da öz növbəsində PFL və klubları xəbərdar edib. Bu səbəbdən də Premyer Liqa klublarına futbolçuları, rəsmiləri koronavirus testindən keçirtmək tapşırığı verilib.

Nazirlər Kabinetinin yanındakı Operativ Qərargah karantin müddətinin uzadılması ilə bağlı yeni qərar qəbul etməsə, Azərbaycan Premyer Liqasının oyunları iyunun 12-i qaldığı yerdən davam etdiriləcək.

Məsələ ilə bağlı PFL-in Mətbuat Xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi Premyer Liqanın başlama tarixi ilə bağlı heç bir məlumatının olmadığını bildirdi:

"Sosial şəbəkələrdə bir çox dostlar, jurnalistlər öz versiyalarını irəli sürürlər. Amma Premyer Liqanın başlanılması ilə bağlı konkret heç bir məlumat yoxdur. Bütün həmkarlardan xahiş edirik ki, rəsmi saytımızdakı informasiyaya istinad etsinlər".