Türkiyə Super Liqası təmsilçisi “Kayserispor”u çalışdıran Robert Prosineçki yenidən millimizi çalışdıracağı barədə Türkiyə və Azərbaycan mətbuatında yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, “Futbol+” qəzetinə açıqlamasında hazırda ancaq koronavirus təhlükəsinin aradan qalxacağı zamanı gözlədiklərini söyləyib.
“Hazırda “Kayserispor”un başındayam və hədəfimiz superliqada qalmaqdır. Ona görə də indi başqa heç nə haqda düşünmürəm. O ki qaldı sualınıza konkret cavaba, bu günə qədər AFFA-dan və ya Azərbaycandan mənimlə əlaqə saxlayan olmayıb. Yəni yenidən millini çalışdıracağımla bağlı yazılanlar bu gün üçün aktual deyil. Çünki hazırda bir işin başındayam. Gələcəkdə ola bilərmi? Gələcəkdə nə olacağını nə siz deyə bilərsiz, nə də mən. Yenə deyirəm, AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb” - deyə R.Prosoneçki bildirib.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.