Qadınlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov bu gün Polşa millisinə 0:5 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk olaraq oyun barədə danışıb:

"Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq”.

O, Polşa millisinin güclü rəqib olduğunu vurğulayıb:

"Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdir Dünya Çempionatının, Avropa Çempionatının seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.