"Neftçi" klubunun baş məşqçisi Füzuli Məmmədov Premyer Liqamızın 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, ilk olaraq oyun barədə danışıb.

- Hesab deməsin ki, asan oyun oldu. Çətin matç idi. Əsas da ilk hissədə ağır oldu. Bu cür futbolu gözləyirdik. Uşaqlar tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq. Futbolçular maksimum yaxşı oynadılar. Keçən matç da pis çıxış etməmişdik. Sırf qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxa bilirsən. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Uşaqlara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.

- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?

- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq. Komanda daxilində heç bir problem yoxdur. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdur. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.

- Aqil Məmmədovun durumu necədir?

- Onun yanında idim. Durumu stabildir. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldır. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur.

- 4 qol vurdunuz, amma tribunalarda susqunluq var idi.

- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. “Forza “Neftçi” 90 dəqiqə bizi dəstəklədi.

- Hər dəfə qələbələrdən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı.

- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.

 

 

- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədir. Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.

- Aqil Məmmədov milliyə namizədlər siyahısındadır. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu düşünürsüzmü?

- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdir, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.