Amerika Kubokunun qalibi olan Braziliya millisinin kapitanı Dani Alves “Bem Amigos” proqramında Lionel Messinin tənqidi fikirlərini şərh edib.

Yarışın ən yaxşı oyunçusu seçilən 36 yaşlı sağ cinah müdafiəçisinin fikrincə, sabiq komanda yoldaşının davranışı qəbuledilməzdir: “Mən hər zaman doğruları söyləyən dostam. Messi səhv danışır. Dostlar sadəcə olaraq, dost olduqları üçün heç də həmişə haqlı deyillər. Messi ilk növbədə bütün braziliyalılara qarşı hörmətsizlik etdi”.

Xatırladaq ki, Messi həm kapitanı olduğu Argentina yığmasının yarımfinalda Braziliya millisinə uduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları və hakimləri sərt tənqid etmişdi: 

Turnir ərzində bizə hörmət etmədilər. Bunun bir parçası olmaq məcburiyyətində deyilik. Burdan başı dik ayrılıram və komandamla qürur duyuram. Layiq olduğu hörmət göstərilərsə, bu komandanın da uğur qazanacağına inanıram. Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz

Alves 2008–2016-cı illərdə Barcelona-da Messi ilə komanda yoldaşı olub.