"Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 20-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları ev oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə məğlubiyyəti şərh edib.

-Bilirdik ki, oyun çətin keçəcək. “Neftçi”yə qarşı oynayırdıq. Lider komandadır. Başabaş mübarizə apardıq, yaxşı futbol oynadıq. Çünki bu matçda qələbə bizim üçün daha vacib idi. Futboldur, hesabı biz açsaq da, 1:2 hesabı ilə uduzduq. Çox danışmaq istəmirəm, həqiqətən üzgünük. Əsas odur ki, sınmayaq.

 

- Oyun ərzində bəzi mübahisəli epizodlar oldu. Hətta Ehtiram Şahverdiyevə qarşı qayda pozuntusuna görə penalti təyin edilməli olduğunu düşünənlər var...

- Ehtiram özü də dedi ki, penalti var idi. Amma mən görmədim. Epizoda baxandan sonra hər şey daha yaxşı bilinəcək. Ancaq ümumilikdə hakim həqiqətən oyunu itirmişdi. Bu, açıq-aydın görünürdü. Hansı qərarların yanlış olduğunu baxdıqdan sonra görəcəyik. Həm əsas referi, həmdə 4-cü hakim cavan idi. Yenə deyirəm, oyunu itirmişdilər. Aləm bir-birinə dəymişdi.

- Çempionatın sonuna 8 tur qalıb və hazırda autsaydersiniz...

- Hələ qarşıda oyunlar var, vəziyyətdən çıxmaq olar. Baş məşqçinin də dediyi kimi, əsas odur, sınmayaq. Hələ kubokda da şansımız var. Ruhdan düşsək, bir də özümüzə gələ bilməyəcəyik. Yaxşı oynadığımızı bilirik. Bunu davam etdirmək lazımdır. Əslində bu gün qələbə qazansaydıq, hər şey dəyişəcəkdi. Təəsüf ki, uduzduq.

- Yeni həftənin əvvəlində milli komandanın heyəti açıqlanacaq. Nikola Yurçeviçdən dəvət gözləyirsənmi?

- Çağıracaqlar, gedəcəyik. Dəvət etməsələr də, problem yoxdur. Hazırda bunu yox, komandamızın durumunu fikirləşirəm.

- Özünü millidə oynamağa hazır sayırsan?

- Əlbəttə, bu gün oynayıramsa, deməli, hazıram. Baş məşqçi də bunu bilir. Yəqin ki, oynayanları çağıracaq. Millidə çox olmuşam, bilirəm ki, çox məşqçi belə edir. Ayxan Abbasov da deyir ki, mənimlə bağlı hər şey qaydasındadır. Belə şeyləri nəzərə alsaq, millidə oynamağa hazıram.

- Karyeranda ilk dəfədir ki, çıxış etdiyin komanda sonuncu pillədə gedir. “Qarabağ”dan ayrılanda çoxları sənin “Qəbələ” və ya “Neftçi”yə keçəcəyini gözlədiyi halda, “Sumqayıt”ı seçdin. Yayda komandanı dəyişmək haqda düşünürsənmi?

- Açığı, Türkiyə variantım var idi. Sonradan “Sumqayıt”ın prezidenti ilə fikirlərimiz üst-üstə düşdüyü üçün bura gəldim. Ciddi bir problem yoxdur. Hər bir futbolçunun karyerasında belə şeylər olur. Hələ heç nə bitməyib. Əlimizi yanımıza salmamışıq. Kubokda yolumuza davam edirik. Baş məşqçimiz çox iddialı danışır ki, sınmayaq. Bizdən bunu istəyir. Kubokda finala çıxsaq, bizim üçün böyük nəticə sayıla bilər. Əsas odur ki, psixoloji cəhətdən ruhdan düşməyək.(qol.az)