“Hər iki komanda qələbə qazanmaq istəyirdi. “Səbail”in başqa oyun sistemində oynayacağını gözləyirdik, amma onlar fərqli sistemdə meydana çıxdılar”.

Offsideplus.az Futbol11.az-a istinadən xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XV turunda öz meydanında “Səbail”i qəbul edib. Qarşılaşma bərabərliklə başa çatıb.

Matçdan sonra keçirilən mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib:

“Meydanın mərkəzində boşluqlar var idi. Buraxılan qol zamanı səhvə yol verdik. İkinci hissədə toparlandıq. Dəyişikliklər öz bəhrəsini verdi. Əsas odur ki, futbolçularda oynamaq üçün həvəs var idi. Bu matçı təhlil edib, növbəti oyunlara daha yaxşı hazırlaşacağıq”.

- Bu, rəsmi debütünz idi. İlk təəssüratlarınız necə idi?

- Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların belə təmiz mübarizə apaması məndə xoş təəccüb yaratdı. Fikrimcə, çox çətin çempionatdı. Futbolçularımın irad kimi başa düşməsini istəmirəm. Amma bəzi futbolçular komandaya gec qoşuldular. Bir-birilərini başa düşmələri üçün zamana ehtiyacımız var.

- Antalya toplanışını təbii örtükdə keçirdiniz. Amma burda süni örtüklü stadionda oynayacaqsınız. Buna münasibətiniz necədi?

- Əlbəttə, bilirik ki, belə stadionlar zədəyə meyillidi. Təbii örtükdə məşq edib, süniyə kçmək o qədər də təhlükəli deyil.

- Pedro Podionun adı oyunun iştirak ərizəsini daxil edilməmişdi. Buna səbəb nə idi?

- Bu barədə açıqlama vermək istəmirəm.