19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi gələn ay yoxlama görüşündə qüvvəsini sınayacaq.
Offsideplus.az-ın məlumatına görə, yığmamız Şotlandiya ilə qarşılaşacaq.
Britaniya təmsilçisi millimizlə oyunun heyətini artıq açıqlayıb. Baş məşqçi Billi Stark gələn ay keçiriləcək iki yoxlama görüşü üçün 20 oyunçuya dəvət göndərib. Şotlandlar fevralın 14-də İspaniya, 17-də isə Azərbaycanla üz-üzə gələcək. Hər iki qarşılaşma Mursiya şəhərində yerləşən "Pinatar Arena"da baş tutacaq.
Billi Starkın dəvətlilərinin əksəriyyəti Şotlandiya klublarında çıxış edir. Həmçinin "Çelsi"dən Billi Gilmur, "Vulverhempton"dan Elliot Uott və "Uiqan"dan Kayl Jozef də çağırılıb.