"Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda zədələnən “Sumqayıt”ın futbolçusu Şəhriyar Əliyevin diaqnozu bəlli olub.
Offsideplus.az klubdan “Report”a verilən məlumata görə, dekabrın 15-də keçirilmiş matçın 62-ci dəqiqəsində zədələnərək yerini Murad Xaçayevə verən 26 yaşlı mərkəz müdafiəçisinin topuq bağlarının qopduğu müayinə nəticəsində təsbit edilib. O, bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Futbolçunun yanvarın 15-dən “Sumqayıt”ın Türkiyənin Antalya bölgəsində baş tutacaq hazırlıq prosesi zamanı məşqlərə başlayacağı təxmin edilir. “Neftçi” ilə oyundan qol vurduqdan sonra zədələnən Əli Babayev isə bu gün saat 19:00-da start götürəcək cavab qarşılaşmasında oynaya biləcək.
Qeyd edək ki, Şəhriyar Əliyev müdafiəçi olsa da, cari mövsümdə “Sumqayıt”ın ən məhsuldar oyunçusudur. O, Premyer Liqada 3, Azərbaycan Kubokunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda isə 1 qol vurub.