“Neftçi”nin hücumçusu Baqali Dabo Azərbaycan Premyer Liqanın 13-cü turunda “Sabah”a qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, fransalı forvard əvvəlcə qələbədən danışıb.
- Yaxşı qələbə oldu, komanda meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda döyüşməyə hazır idi və bunu edirdi. Çox vacib qələbə oldu.
- Gözünün birinə qan gəlib. Matç zamanı baş verib, yoxsa qarşılaşmadan əvvəl belə idi?
- Bu oyunda baş vermədi. Bundan əvvəlki turda olub. Yaxşılığa dorğu gedir.
- Qırmızı vərəqə aldığın epizoda etiraz edirdin. O epizodda hakimi aldatmağa cəhd etmişdin, yoxsa həqiqətən də sənə müdaxilə olmuşdu?
- Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Ancaq 100 faiz əminliklə deyə bilərəm ki, orada simuliyasiyadan söhbət gedə bilməz. İlk sarı vərəqəni alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir.
- Bunu hiss edirdinsə, niyə baş məşqçiyə demədin ki, səni əvəzləsin?
- Elə davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orada simuliyasiya etmədim. Qərar doğru deyildi.
- Qırmızı vərəqə aldıqdan sonra gah su içdin, gah da hakimi ironiya ilə alqışladın və meydanı tərk etmək istəmədin. Səhv hərəkət etdiyini düşünmürsən?
- Deməzdim ki, səhv etmişəm, bunu bilərəkdən etdim. Azarkeşlərimizi də salamladım. Onlara dəstək üçün təşəkkür elədim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə desən edə bilərdim. Onsuz da qovulmuşdum.
- Final fitindən sonra olduqca çılğın şəkildə meydana qaçıb qələbəni qeyd etdin. Bu, hakimin qərarlarına görə idi?
- Çox yaxşı oynamışdıq. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxamayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur. Bizim üçün heç də asan olmadı. Qalib gəlmək üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidilər.(qol.az)