İngiltərə "Arsenal"ı oyunların azarkeşsiz keçirilməsi səbəbindən klubun maskotu "Gunnersaurus"u işdən çıxardığı barədə xəbər vermişdik.
Koronavirus pandemiyasına görə iqtisadi baxımdan çətin günlər keçirən London təmsilçisi xərclərini azaltmaq məqsədi ilə maskota 27 ildir həyat verən Cerri Kayla yolları ayırmışdı.
Offsideplus.az-ın məlumatına görə, klubun türk əsilli futbolçusu Məsut Özil bundan xəbər tutduqdan sonra "Twitter"də paylaşım edib.
İngiltərə klubunda arzuolunmaz şəxs elan olunan və oynamaq şansı qazanmayan Almaniya millisinin sabiq üzvü klubda qaldığı müddətdə "Gunnersaurus"un maaşını ödəyəcəyini açıqlayıb. Məsut Özil paylaşdığı tvitdə "27 il sonra "Gunnersaurus"un, Cerrinin işdən çıxarıldığını üzülərək öyrəndim. Bu səbəbdən böyük, yaşıl adamımızın işinə davam etməsi üçün onun tam maaşını qarşılamaq istəyirəm" sözlərini yazıb.
Qeyd edək ki, Cerri Kay maskot kimi çalışdığı "Arsenal"da ilinə 30 000 sterlinq qazanırdı. Məsut Özilin klubdakı bir həftəlik gəliri isə 350 000 sterlinqdir.
I was so sad that Jerry Quy aka our famous & loyal mascot @Gunnersaurus and integral part of our club was being made redundant after 27 years. As such, I’m offering to reimburse @Arsenal with the full salary of our big green guy as long as I will be an Arsenal player... pic.twitter.com/IfWN38x62z
— Mesut Özil (@MesutOzil1088) October 6, 2020