“Qarabağ”ın futbolçusu Marko Yankoviçin qış transfer pəncərəsində klubu tərk edəcəyi deyilir. Yarımmüdafiəçinin Yunanıstan klublarından birinə keçəcəyi ehtimal olunur.
Ağdam təmsilçisinin Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev Offsideplus.az saytına açıqlamasında bildirib ki, hazırda sözügedən məsələ gündəmdə deyil:
“Bu günlərdə Yankoviç də daxil olmaqla bir çox futbolçu haqqında belə fikirlər səslənir. Bildirmək istəyirəm ki, klub olaraq bizə transferlə bağlı hər hansı rəsmi təklif gəlməyib”.
Qeyd edək ki, monteneqrolu yarımmüdafiəçi 2022-ci ildən bəri “köhlən atlar”ın formasını geyinir. Yankoviçin “Qarabağ”la hazırkı müqaviləsi 2027-ci ilin iyunun 30-dək qüvvədədir.



