Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" oyununda Marko Yankoviçin qolu qonaqlara qələbə qazandırıb.
Monteneqrolu yarımmüdafiəçi Offsideplus.az saytına açıqlamasında oyunu şərh edib, qırmızı vərəqə alaraq oyunun anti-qəhrəmanı olan komanda yoldaşı Kevin Medina barədə danışıb.
"Neftçi"yə qarşı oyun bizim üçün həmişə vacib olub. Hədəfimiz çempion olmaqdır. Hər oyun son dəqiqəyə qədər bizim üçün vacibdir. Təəssüf ki, Kevin oyunun əvvəlində qırmızı vərəqə aldı. Biz də taktikamızı dəyişib, tərzimiz olmayan şəkildə oynamağa məcbur olduq. Səbirli olmağımız vacib idi. Maraqlı oyun oldu".
Marko 9355 nəfərin stadiondan canlı izlədiyi oyunda azarkeş dəstəyinə münasibət bildirib:
"Atmosfer çox yaxşı idi. Bizim azarkeş olsun, ya da digər komandaların — bu, fərq etmir. Hər oyunun belə keçməsini arzulayıram. Çox fərqli təsir göstərir bizə, hər bir futbolçu belə oyundan zövq alır".