AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" – "Qarabağ" oyunundakı hadisələrlə bağlı sərt qərarlar çıxarıb.

Offsideplus.az xəbər verir ki, ən ağır cəza Ağdam təmsilçisinin futbolçusu Marko Yankoviçə verilib. Monteneqrolu yarımmüdafiəçi hakimə fiziki təzyiq cəhdinə və hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəzalandırılıb, klub isə buna görə 25 500 manat cərimə edilib.

Ağdam təmsilçisində Yankoviçlə yanaşı, məşqçi Hüseyn Seyidov (6 oyun, 18 000 manat) və klub rəsmisi İlqar Şamilov (5 oyun, 8 000 manat) da hakimlərə qarşı aqressiv davranışa görə uzunmüddətli cəzalar alıblar. Həmçinin qapıçı Mateus Koxalski birbaşa qırmızı vərəqəyə görə 1 oyunluq diskvalifikasiya olunub.

"Qarabağ" azarkeşlərinin törətdiyi dağıntılar (70 sındırılmış oturacaq), pirotexnika və təhqiramiz ifadələrə görə klub ümumilikdə 70 000 manatdan çox cərimə ödəməli olacaq.

"Sabah" klubu da kənar şəxslərin meydana daxil olması, azarkeşlərin pirotexnikadan istifadəsi və digər qayda pozuntularına görə ümumilikdə 12 200 manat məbləğində cərimələnib.