Azərbaycan Kubokunun finalı ərəfəsində hər iki komandanın baş məşqçisi – Valdas Dambrauskas ("Sabah") və Rəşad Sadıqov ("Zirə") Peşəkar Futbol Liqasının mətbuat xidmətinə həlledici qarşılaşma ilə bağlı fikirlərini bölüşüblər.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının qalibi olan "Sabah"ın çalışdırıcısı komandasının "qızıl dubl" etmək arzusunu dilə gətirib. O, çempionluqdan sonra kuboku qazanmağın fantastik bir uğur olacağını vurğulayıb:

"Bizim üçün Premyer Liqanı qazanmaq böyük mükafat idi. Lakin Azərbaycan Kubokunu da qazansaq, bu, bizim üçün tarixi nəticə olacaq. Rəqibimiz heç vaxt təslim olmayan, bizi təəccübləndirə biləcək gücdə olan komandadır. Lakin rəqibi yaxşı tanıyırıq. Finalda psixoloji amil və fərdi mübarizələr önəmli olacaq".

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov rəqibin gücünü etiraf edərək, komandasının üçüncü final cəhdində uğur qazanmaq niyyətində olduğunu bildirib:

"Sabah" mövsüm ərzində möhtəşəm oyun nümayiş etdirib və çempionluğu təmin edib. Finalda kimə qarşı oynayacağımızı yaxşı başa düşürük. Daha əvvəl iki dəfə finalda oynamışıq, lakin qalib ola bilməmişik. Əlimizdən gələni edəcəyik ki, bu dəfə sevinən tərəf biz olaq".

Azərbaycan Kubokunun finalı mayın 13-də, saat 20:00-da "Neftçi Arena"da start götürəcək. Hər iki mütəxəssis azarkeşləri final günü stadiona dəvət edərək maraqlı mübarizə vəd ediblər.