Azərbaycan şahmatına böyük töhfələr vermiş Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunu tanımayan çox az adam ola bilər.

Bir zamanlar Yasamal rayonu Şərifzadə küç. 75A-da yerləşən bu binada onlarla şahmatçı, Azərbaycanı dünyada tanıdan qrossmeysterlər yetişmişdi.

Offsideplus.az xəbər verir ki, artıq klub bir neçə ildir həmin ünvanda fəaliyyət göstərmir. Çünki şahmat klubunun yerində “Bank Respublika”nın Yasamal filialı açılıb. Klub isə başqa ünvana köçürülüb.

Düşünmək olar ki, axı burada nə problem var? Şahmat klubu əvvəl bir ünvanda, sonra isə başqa ünvanda fəaliyyət göstərir. Ancaq kiçik araşdırma apardıqda məsələnin elə də sadə olmadığı görünür. Ölkənin bank sektorunda xüsusi çəkiyə malik olan “Bank Respublika”-nın gerçək sahibinin kim olduğunu düşündükdə Azərbaycanın tanınmış şahmat məktəbinin yerləşdiyi məkanın necə banka çevrilməsini anlamaq çətin deyil.

Sual olunur, niyə şahmat məktəbinin yerində bank filialı açılıb? Azərbaycan Mərkəzi Bankının sədri və Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmovun bu işdə rolu hansıdır? Onun “Bank Respublika”nın sahibi olması da barədə cəmiyyətdə çox danışılıb. Bu səbəbdən yaranan maraqlar münaqişəsi niyə şahmat məktəbinin lehinə həll olunmayıb?

Məlumat üçün bildirək ki, Həmkarlar İttifaqı Respublika Şahmat və Dama Klubunda bir zamanlar Harri Kasparovun müəllimi olan Oleq Privorotski, həmçinin Samir Bədəlov kimi güclü məşqçilər çalışıb və Azərbaycanın tanınmış şahmatçılarını yetişdiriblər. Bu məktəbdə gənclər arasında SSRİ çempionu, beynəlxalq usta Rəhim Qasımov, qrossmeysterlər Rəşad Babayev, Fərid Abbasov, Azər Mirzəyev kimi güclü şahmatçılar yetişib.

İndi isə bu məktəb keçmiş günlərini mumla axtaracaq vəziyyətdədir. Sanki klub yerini dəyişərkən bütün uğurlarını orada qoyaraq gedib. Sonra da şikayətlənirik, niyə 3-4 dünya şöhrətli şahmatçımızdan başqa uğurlara imza atacaq yeni şahmatçı nəslimiz yoxdur?

Səbəbi isə çox axtarmaq lazım deyil. Nə vaxta qədər ki, şahmat klubu banka çevriləcək və federasiya rəhbəri baş banker olaraq buna göz yumacaq, nə qədər ki, məhşur qrossmeysterin maaşını verməyəcəklər, tanınmış şahmatçılar bir parça çörək pulu üçün ölkəni tərk edəcəklər, şahmatımız da Şəhriyar Məmmədyarov və milli komandanın uğurlarının fonunda dünya idmanının olimpdəki yerini getdikcə başqa ölkələrə verəcək.