"Turnirə yaxşı başlamışdıq. İlk matçda 3 qol vurmuşduq. Bütün oyunlarda fərqlənmişik. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. "Vilyarreal"a qarşı da yaxşı oynadıq. "Qarabağ"la sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah keçiriləcək "Qarabağ"la görüşdən əvvəl mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, heyətdə 14-15 sağlam futbolçu qalıb: "Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Orada da oynasaydıq, problem olmayacaqdı. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram".

Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbəsi barədə də danışıb: "Onlar nə qədər xoşbəxtdirsə, biz də o qədər xoşbəxtik. Matç dostluq ab-havasında keçəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm".

Baş məşqçi bildirib ki, bərabərlik nə "Qarabağ"a, nə də "Sivasspor"a sərf edir: "Hər iki komanda qələbə üçün meydana çıxacaq. Bu qarışlamada mütləq qalib gəlməliyik. Qalib gəlmək üçün də hücumda olmalıyıq. Bütün heyət yerində olacağı təqdirdə qrupdakı qalan matçlarımızda qələbə qazanacağımızı düşünürəm. "Qarabağ"ın heyətindəki itkilərdən xəbərim yoxdur. Amma belə bir şey varsa, bu da bizim üçün üstünlükdür".