"Qarabağ"ın "Vilyareal"ı Türkiyədə qonaq etməsi xoş haldır. İki ölkə arasındakı isti münasibəti nəzərə alsaq, "köhlən atlar" Atatürkün diyarında özünü yad hiss etməyəcək. Lakin işin "əmma"sı var...

Bildiyiniz kimi, Azərbaycan çempionu oktyabrın 29-da rəqibini "Başakşehir Fatih Terim Stadionu"nda qəbul edəcək. Həmin stadion ki, "Qarabağ" - "Vilyareal" qarşılaşmasından bir gün əvvəl Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "İstanbul Başakşehir" - PSJ duelinə "qucaq açacaq". Bu nə deməkdir? Bu o deməkdir ki, "Qarabağ"la "Vilyareal" nə oyunöncəsi son məşqlərini adıçəkilən stadionda keçə biləcəklər, nə də baş məşqçilərin mətbuat konfransı mümkün olacaq. 

Belə olduğu halda, Azərbaycan çempionu hansı addımları atmağı düşünür? Məlum durum ispanların narazılığına səbəb olmayacaq ki?

Offsideplus.az məsələ ilə bağlı qısa araşdırma aparanda məlum oldu ki, klub rəhbərləri çıxış yolu tapıb. Belə ki, "Qarabağ" çərşənbə axşamına təsadüf edəcək məşqi Bakıda edib, ardınca İstanbula yola düşəcək. Həmin gün axşam komanda üzvlərinə istirahət veriləcək. Qarşılaşmadan bir gün əvvəl isə İstanbuldakı çoxsaylı stadionların birinin xidmətindən istifadə olunacaq. Mətbuat konfransının harda və necə keçiriləcəyi hələ ki, sual altındadır.Konfrans yerli və qonaq jurnalistlərin marağına səbəb olsa, buna uyğun məkan tapılacaq. Bu və digər təşkilati işləri görmək üçün klubdan kimsə bazar ertəsi Türkiyəyə yola düşəcək.

"Vilyareal"a gəlincə, ispanlar oyundan bir gün əvvəl, yəni, çərşənbə günü İspaniyada məşq edəndən sonra havaya qalxacaqlar. Unay Emeri bu məsələdə problem olmayacağı qənaətindədir. Mətbuat konfransının təşkili isə qarşı tərəflə danışıqlardan sonra bilinəcək.

Qısası, "İstanbul Başakşehir" - PSJ dueli bir gün sonrakı oyuna öz təsirini göstərəcək. Hərçənd, bu işdə ÇL iştirakçılarını günahlandırmağımız absurddur. Hələ qonaqpərvərlik göstərdiklərinə görə can qardaşlarımıza "çox sağ ol" deməliyik. Sadəcə, "Qarabağ"ın halına acımamaq olmur. Vətənindəki qaçqınçılıq az deyilmiş kimi, bu dəfə də Türkiyəyə qaçqın həyatı yaşayacaq.

Xatırladaq ki, oxşar hal Millətlər Liqası çərçivəsində Monteneqro ilə Azərbaycan yığmaları arasındakı görüşdən əvvəl yaşanmışdı. Podroritsa şəhər stadionunun qazonu yaxşı vəziyyətdə olmadığından, millilər başqa meydanların xidmətindən yararlanmış, Canni De Byazinin mətbuat konfransı Monteneqro Futbol Federasiyasının inzibati binasında təşkil olunmuşdu.