"Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun II turunun İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə DHA-ya açıqlama verib.

Offsideplus.az xəbər verir ki, klub rəsmisi bu qərara sevindiklərini bildirib: "UEFA ev matçımızın neytral meydanda oynanılmasına qərar vermişdi. Bizə 3-4 ölkə təklif olundu. Onların arasında Türkiyə yox idi. Biz isə israrla bu ölkədə oynamaq istədiyimizi bildirdik. Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər. UEFA-ya "Başakşehir Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı. "Vilyarreal"la oyunu burada keçirəcəyik. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. "Başakşehir" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam klubu ölkədəki vəziyyətlə əlaqədar ev qarşılaşmalarını neytral meydanda keçirməlidir.