Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları bəzi komandalar və futbolçular üçün uğurlu alınıb.

Baş tutan qarşılaşmalarda qeydə alınan maraqlı statistik göstəricilərin bir neçəsini təqdim edirik.

- Aleksandr Lyakazettin yeganə qolu ilə Yunanıstanda “Olimpiakos”a qalib gələn “Arsenal” məğlubiyyətsiz oyunlar seriyasını 9-a yüksəldib. Mikel Artetanın baş məşqçi postuna gəlişindən sonra “topçular” 11 görüşün yalnız 1-də - dekabrda “Çelsi”yə uduzublar. “Arsenal” eyni zamanda son 11 ayda ilk dəfə ardıcıl 3 oyunda qapısının toxunulmazlığını qoruya bilib.

- “Gent”i 1 qolla üstələyən “Roma” avrokuboklarda ardıcıl 10-cu qarşılaşmada fərqlənməyi bacarıb.

- “Ayntraxt”ın yarımmüdafiəçisi Daiti Kamada “Zalsburq”la görüşdə (4:1) 3 qol vurub. 23 yaşlı futbolçu Takumi Minaminodan (“Zalsburq”) sonra avrokuboklarda het-trik edən ikinci yaponiyalı olub.

- “Brügge” ilə oyun “Mançester Yunayted”in iki futbolçusu üçün əlamətdar alınıb. 1:1 hesabı ilə nəticələnən qarşılaşmada yarımmüdafiəçi Cessi Linqard 200-cü, Viktor Lindelöf isə 100-cü dəfə “qırmızı şeytanlar”ın formasını geyinib.

- “İnter”in hücumçusu Romelu Lukaku “Ludoqorets”lə səfər matçının 90+5-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla belçikalı Avropa Liqasında ardıcıl 6-cı oyunda qol vurub. Görüş “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

- “Vulverhempton”un hücumçusu Dioqo Jota “Espanyol” üzərində qazanılan 4:0 hesablı qələbəyə 3 qolla töhfə verib. Portuqaliyalı qrup mərhələsində də “Beşiktaş”la qarşılaşmada eyni göstəriciyə imza atmışdı. Jota son 8 il də Avropa Liqasında ardıcıl iki matçda het-trik edən ikinci oyunçu olub. Sonuncu dəfə 2012-ci ildə “Şalke”nin hücumçusu Klas-Yan Huntelar ardıcıl iki oyunda het-trik etmişdi.

- Həftəiçi avrokuboklar çərçivəsində meydana çıxan Almaniyanın 5 klubu da qələbə qazanıb. Dortmund “Borussiya”sı və “Leypsiq” Çempionlar Liqasında, “Ayntraxt”, “Bayer” və “Volfsburq” Avropa Liqasında rəqibinə qalib gəlib. Buna qədər sonuncu dəfə 27 il əvvəl – 1993-cü ildə Almaniyanın 5 klubu Avropa arenasında eyni həftə ərzində qələbə sevinci yaşamışdı. //Apasport