Sentyabr ayında baş tutan AVRO-2020-nin seçmə mərhələ oyunları ilə bağlı maraqlı araşdırma aparılıb.

Offsideplus.az xəbər verir ki, keçirilən görüşlərdə vurulan kuryoz qollar seçilib.

Ötən ay ümumilikdə 50 seçmə mərhələ matçında 170 qola imza atılıb ki, onların 6-sı tərəflərdən birinin bəxti, digərinin isə bəxtsizliyi üzündən qeydə alınıb.

Maraqlıdı ki, seçilən qollar arasında Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin avtoqolu da var. Belə ki, Paşayev Uelslə səfər qarşılaşmasının 26-cı dəqiqəsində ötürmə zamanı özü də bilmədən topa toxunaraq, tərs zərbə ilə hesabın açılmasına səbəb olub.

Paşayevlə yanaşı, lixtenşteynli Andreas Malinin Bosniya və Herseqovina ilə (0:5), kosovolu Merqim Voyvodanın İngiltərə ilə (3:5), latviyalı Pavel Şteynborun isə Avstriya ilə (0:6) görüşdəki avtoqolu bəxtsizlər arasına düşüb.

Bundan başqa, Portuqaliyanın kapitanı Kriştianu Ronaldonun Litva ilə (5:1), kiprli Fotis Papulisin isə San-Marino ilə (4:0) oyundakı kuryoz qolu da siyahıya salınıb.

Qeyd edək ki, sentyabrda Uelsə səfərdə 1:2 hesabı ilə məğlub olan Azərbaycan millisi Bakıda Xorvatiya ilə qollu bərabərə (1:1) qalıb. (Matc.az)