Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Offsideplus.az-ın məlumatına görə, yığmamız "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Oyun qonaqların üstünlüyü ilə başlayıb. Luka Modriç 11-ci dəqiqədə əllə oyuna görə millimizin qapısına təyin edilən penaltini qola çevirib. Komandamız 71-ci dəqiqədə Təmkin Xəlilovun qolu ilə hesaba tarazlıq gətirib. Oyun 1-1 hesablı bərabərliklə yekunlaşıb. Bu millimizin seçmə mərhələdə ilk xalı olub.

Xatırladaq ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub.

 

Avropa Çempionatı, seçmə mərhələ

E qrupu

 Azərbaycan - Xorvatiya - 1:1

Qol: Modriç, 11-pen - Təmkin Xəlilzadə 71

Baş hakim: Sandro Şerer

"Bakcell Arena"

 

 

***

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Offsideplus.az-ın məlumatına görə, rəqib Xorvatiya yığması olacaq. "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. Matçı isveçrəli Sandro Şörerin başçılığı altında isveçrəli hakimlər briqadası idarə edəcək.

E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.

İki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib. Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.

9 sentyabr

AVRO-2020

Seçmə mərhələ, VI tur

E qrupu

20:00. Azərbaycan - Xorvatiya

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Stefane De Almeyda, Alen Hayniger

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)