"Bir az məyusam. Çünki uduzanda xoşbəxt ola bilməzsən". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra Albaniyanın "RTSH Sport" telekanalına açıqlamasında deyib. Məğlubiyyəti şərh edən italiyalı mütəxəssis mərhələni keçə bilməmələrini bu cür əsaslandırıb:

"Komandalar arasında səviyyə fərqini nəzərə alsaq, oyun taktikamızın işə yaramadığını söyləmək çətindir. Ümumilikdə, 90 dəqiqə mübarizə apardıq. Düşünürəm ki, ələ düşən fürsətləri dəyərləndirməyəndə vəziyyət çətinləşir. İki oyunda 4-5 qol imkanı qaçırdıq. Azacıq bəxtimiz gətirsəydi, ən azı bir qol vura bilərdik. Uşaqları təbrik edirəm. Sona qədər əllərindən gələni etdilər. Onlarla fəxr edirəm".

Qeyd edək ki, iki oyunun nəticəsinə (0:0, 2:0) əsasən "Partizani"ni mübarizədən kənarlaşdıran "Qarabağ" 2-ci təsnifat mərhələsində İrlandiya çempionu "Dandolk"la qarşılaşacaq.(qol.az)