"Qəbələ”nin U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olub.

Offsideplus.az xəbər verir ki, "Qırmızı-qaralar” bu gün start götürən 4-cü dövrənin ilk turunda qızıl medalları təmin edib. 22-ci turda "Qarabağ”la qarşılaşan Famil Xəlilovun çalışdırdığı komanda 1:0 hesablı qələbə ilə 1-ci yeri rəsmiləşdirib.

Xal hesabını 60-a çatdıran "Qəbələ” ən yaxın izləyicisi "Keşlə”dən 21 xal uzaqlaşıb. Bu gün "Sumqayıt”la görüşən paytaxt təmsilçisi bütün matçlarda qalib gəlsə də, şəxsi oyunların (2:0, 5:0, 3:0) nəticəsinə görə "qırmızı-qaralar” əsas rəqibini arxada qoyacaq.

Bu çempionluq komandamıza ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə UEFA Gənclər Liqasında oynamaq hüququ verib.

"Qəbələ” tarixində 4-cü dəfə U-19-ların yarışının qalibi olub. 2012/13, 2015/16 və 2017/18 mövsümlərində də qızıl medalları "qırmızı-qaralar” qazanıb.