Bu gün keçirilən 10 matçla futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 
Offsideplus.az xəbər verir ki, günün ilk matçı U-19-un məğlubiyyəti ilə yadda qalıb.
 
Qələbəni İkinci Liqa komandası qazanıb. Şübhəsiz mərkəzi oyunda öz liqalarının lideri olan NTD və “AjaxBaku” üz-üzə gəlib. Oyuna Birinci Liqanın lideri effektli hücumla başlayıb. Əvvəlcə Vüqar Rəhimov, ardınca Əsgər Hümbətov rəqib torunu silkələyib. NTD fərqi ikinci hissənin startından dərhal sonra azaldıb. Bu dəfə Emil Abbas-zadə intirqanı yenidən bərpa edib. Amma qapıçının inamsız oyunu “AjaxBaku”nun 2 topluq üstünlüyünü bərpa etməsinə kifayət edib. Rafiq Eyvazov debüt oyununda vacib qola imza atıb. Zakir Kərimov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə fərqi yenidən minimuma endirsə də, Eyvazov dubl etməyi bacarıb. Qoldan sonra isə “AjaxBaku” azlıqda qalıb. Eşqin Tağıyev ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Onun cavab oyununu buraxacağı da dəqiqdi.
 
Mərhələnin ilk heç-heçəsi isə “Bibi-Heybət” – “Xızı Yasamal” duelində qeydə alınıb. “Xızı Yasamal” qarşılaşmanın əksər hissəsini hesabda öndə keçirsə də, üstünlüyünü sona qədər qoruya bilməyib. Yekunda mərhələnin ilk heç-heçəsi qeydə alınıb.
 
“Zülfüqar” isə “Star karqo” ilə çətin dueli minimalhesabla öndə bitirib. “Baku Fire-3” – “Yasamal” İSK-2 oyunu isə dramatik alınıb. “Yasamal” İSK-2 ardıcıl iki qol vuraraq hesabda önə keçib. Sona 44 saniyə qalmışa qədər üstünlüyünü davam etdirən Birinci Liqa təmsilçisi rəqibin fərqlənməsinə mane ola bilməyib. Matçın heç-heçə başa çatacağını düşünən zaman meydan sahibi komanda hesabı lehinə dəyişib. Son saniyə qolu “Baku Fire-3”ə ilk oyunda qələbə qazandırıb.
 
“Baker Tilly” – ADBTİA qarşılaşması da gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. Xüsusilə qış fasiləsində heyətinə əl gəzdirən “Baker Tilly” sürətli hücumla hesab açıb. Abbas Qasımzadə fərqlənib. Emin Cəbrayılov penalti zərbəsini dəqiq yerinə yetirməklə status-kvonu bərpa etsə də, Qasımzadənin dubluna mane ola bilməyib. Ardınca Vüsal İsayev yeni komandasında qol hesabını açıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə Elvin Quliyev penaltini tora qovuşdurmaqla fərqi də 3 topa çatdırıb.   
 
“Transfer pəncərəsi”nin açıq olmasından maksimum istifadə edən “Forza Neftçi” yeni transferləri ilə “Təbriz” qarşına çıxmışdı. Rəqibin ilk hücumdaca hesabı açması fan-klub üçün şok effekti yaradıb. Hərçənd yeni baş məşqçinin rəhbərliyi altında “Forza Neftçi” fasiləyə qədər ancaq bərabərliyi bərpa edə bilib. İkinci hissəyə də komandalar qarşılıqlı qollarla başlayıb. Bu dəfə qonaqlar tez fərqlənən tərəf olub. Oyunu cəmi bir əvəzetmə ilə keçirən “Təbriz” 23-cü dəqiqədə yenidən önə keçib. Ancaq Vüsal Səfərov da vurduğu qolla yeni komandasına kömək etmək üçün gəldiyini sübut edib. Sona 15 saniyə qalmış Samir Əzimzadə 10 metrlik zərbəni qola çevirə bilməyib. Davud Kərimi komandasını məğlubiyyətdən xilas edib.
 
“Zəngilan” isə “Bədr FK Xocalı” ilə oyunda 4 top fərqli üstünlük qazansa da, sona 17 saniyə qalmış qələbəni əldən verib. Matç ən böyükhesablı heç-heçə olub. “Bədr FK Xocalı”nın heyətində meydana çıxan təcrübəli Rüfət Hüseynov 5 qol vurmaqla görüşə möhürnü vurub.
 
Günün son oyununda “Standard” sevinən tərəf olub.
 
Bu mərhələnin cavab oyunların yanvarın 17-də, 18-də və 19-da “Olimpik Star”da keçiriləcək.
 
Gənclik İK – U-19 4:2
 
NTD – AjaxBaku 2:4
 
Bibi-Heybət – Xızı Yasamal 3:3
 
Zülfüqar – Star kargo 5:4
 
Baku Fire-3 – Yasamal İSK-2  3:2
 
Baker Hughes – AzMİU 5:3
 
Baker Tilly – ADBTİA 4:1
 
Təbriz – Forza Neftçi 3:3
 
Bədr Xocalı – Zəngilan 8:8
 
AZZERS – Standard 2:6