Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Vasif Talıbovun baş məşqçi olduğu kollektiv Polşa ilə üz-üzə gəlib. Formal xarakterli qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0. Bununla da Polşa 3 oyundan 9 xalla A qrupunun qalibi olub. İkinci yeri 6 xalla Niderland tutub. Bolqarıstan 3 xalla 3-cü olub və xalı olmayan Azərbaycanla birgə qrupda qalıb.

Yarımfinalda Polşa Türkiyə ilə, Niderland isə Almaniya ilə üz-üzə gələcək. Olimpiadaya turnirin qalibi yüksələcək.

Qeyd edək ki, Azərbaycan və Polşa turnir öncəsi təlim-məşq toplanışı zamanı iki yoxlama görüşü keçiriblər. Oyunların hər ikisi Polşanın qələbəsi ilə yekunlaşıb.

10 yanvar

Avropa Təsnifat Turniri

23:00. Polşa - Azərbaycan - 3:0 (25:19, 25:19, 25:23)

Hakimlər: Sinişa Ovuka (Bosniya və Herseqovina), David Fernandes Fuentes (İspaniya)

Apeldorn (Niderland), "Omnisport" İdman Sarayı.