Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirindəki rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Covanni Kapraranın gedişindən sonra baş məşqçisiz qalan yığma Hollandiya, Polşa və Bolqarıstanla birgə A qrupunda yer alacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya komandaları mübarizə aparacaqlar.

Qrup mərhələsinin oyunları gələn il yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək.

Turnirin qalibi "Tokio 2020"də Avropanın sonuncu təmsilçisi olacaq. 

Qeyd edək ki, artıq Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya olimpiadaya vəsiqə qazanıb. Son 5 komanda isə qitə təsnifat turnirlərində müəyyənləşəcək.