Noyabrın 12-dən 18-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, mundialda ölkəmizi hər 3 yığmamız təmsil edəcək. Baş məşqçi Şaban Donat, məşqçilər Emin Əhmədov və Turac Hüseyinlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq), Ramiz Məmmədov (63 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) nəyə qadir olduğunu nümayiş etdirəcək. Komandamız noyabrın 10-da yola düşəcək.

Baş məşqçi Aslan Ağayevin başçılığı altında qadınlardan ibarət millimizin üç üzvü - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaq. Zərif cinsin nümayəndələri ayın 12-də Buxarestə yollanacaq.

Baş məşqçi Firdovsi Umudov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə (65 kq), İsmayıl Abdullayev (74 kq), Murad Süleymanov (86 kq), Şamil Zubairov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) Rumıniyanın paytaxtında mübarizə aparacaq. Komandamız səfərə noyabrın 14-də çıxacaq.

Dünya çempionatının proqramına əsasən, əvvəlcə yunan-Roma güləşçiləri (12-14 noyabr), daha sonra qadınlar (14-16 noyabr), ən sonda isə sərbəst güləşçilər (16-18 noyabr) xalça üzərinə çıxacaq.

Qeyd edək ki, I-S dərəcəli beynəlxalq hakim İntiqam Alıyev mundialda ədaləti qoruyacaq.