Offside Sport Media “Qadın idmançılar” layihəsi çərçivəsində növbəti müsahibəsini təqdim edir.

Bu dəfəki qonağımız karateçi, poverliftinqçi və keçmiş polis əməkdaşı Ədilə Qurbanovadır.

Avropa və Dünya çempionu müsahibəsində idmanda yaşadığı problemlərdən, ailəsinin ona dəstək olmasından, karatedəki uğursuzluğu və poverliftinqdə naliyyətlər əldə etməsindən bəhs etdi.

Özünüzü oxuculara necə təqdim edərsiniz?

- Qurbanova Ədilə Qorxmaz qızı. 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Dövlət İqtisad Universitetinin məzunuyam.

İdmanla məşğul olmağa nə vaxt başlamısınız?

- 1998-ci ildə Mərkəzi Ordu İdman Klubunda Elmira Babayevanın yanına getmişəm. 2004-cü ildə isə Səidə Bəşirovanın yanında karatenin sirrlərini öyrənməyə başlamışam. Sonra respublika çempionu oldum. Bu nəticəyə görə milliyə dəvət aldım. Həmin vaxtdan sonra Vahid Ayvazlının yanında karatenin sirrlərini öyrənməyə başladım.

 İdmanla məşğul olmağa necə qərar verdiniz?

- Brus Li və Van Damın filmləri məni karate ilə məşğul olmağa həvəsləndirdi. Qonşumuzun oğlanları da bu idman növü ilə məşğul olurdular. Bir gün qərara gəldim ki, mən də gedəcəm. Anama dedim, o da qəbul etdi. Sağ olsunlar, ailəm qərarıma etiraz etmədi. Hətta məni bu qərarıma görə, alqışladılar da. Anam həmişə istəyirdi ki, mən idmançı olum. Onların sayəsində idman mənim həyatımın bir parçası oldu.

- Qohumlarınızın, qonşularınızın idmançı olmağınıza reaksiyası necə oldu?

- Ata tərəfdən qohumlarım buna etiraz edirdilər. Hamısı anama “qız nədir, idman nədir?” deyirdilər. O da cavabında "qızım özünü müdafiə etməyi öyrənməlidir" deyirdi. Vaxt keçdikcə hamısı alışdı. Uğur əldə etdikcə, tərifləməyə başladılar.

A54I1757

İlk yarışınızı xatırlayırsınızmı? Nə hisslər keçirmişdiniz?

- İlk yarışıma 15 yaşımda çıxmışam. Həmin vaxt karatenin kata növü üzrə respublika üçüncüsü oldum. Ümumiyyətlə, uşaq vaxtı həyacanın nə olduğunu bilmirsən. Artıq böyüyəndə, məsuliyyət artır. Respublika daxili yarışlarda o qədər olmasa da, ölkə xaricində bayrağı yüksəklərə qaldırmaq hissi adama güc gəlir.

Ən çox həyəcanlandığınız döyüş hansı olub?

- Avropa Oyunlarında məğlub olduğum qarşılaşma. Ümumiyyətlə, həmin döyüşdəki kimi heç vaxt həyacanlanmamışdım. İlk dəfə ölkəmizdə keçirilən yarışda uğur qazana bilməmək çox təsirli idi.

Bu yarışdan sonra karatedən getməyə qərar verdiniz?

- Demək olar ki, hə. Avropa Oyunları mənim karyeramı bitirməyimə səbəb oldu. Bundan sonra heç bir çempionatda iştirak etmədim.

 İdmançı həyatınızın ən sevincli anı hansı olub?

- Poverliftinqdə Dünya və Avropa çempionu olanda dəhşət sevinmişdim. Karatedə bu naliyyəti qazana bilməmişdim deyə burada uğur məni çox xoşbəxt edirdi. Sübut elədim ki, məndən Dünya və Avropa çempionu olar.

1998-ci ildəki Ədilə yenidən karateni seçərdi?

- Hə seçərdim, amma başqa növünü. Kaş o vaxtı kumite ilə başlayardım, kate ilə yox.

Azərbaycanlı bəylər karatedə daha yaxşıdırlar, yoxsa xanımlar?

- Əlbəttə ki, bəylər.

Ümumiyyətlə, hansısa karateçi bəylə döyüşmək istəyərdiniz?

- Niyazi Əliyevlə döyüşmək istəyərəm. Hətta buradan duelə də çağırıram onu. Bir dəfə məşqdə götürüb yerə çırpmışam onu. Bu dəfə də döyüşdə yaxşı əzişdirə bilərəm Niyazini (gülür).

Azərbaycan karatesində ən böyük problem nədir?

- Məşq sistemi düzgün deyil. Bu məsələ mənə həmişə mane olub.

Özünüz məşqçi olub yeni sistem tətbiq etmək istəyirsinizmi?

- Belə bir fikrim var, amma hazırda vaxtım yoxdur. Poverliftinqlə məşğul oluram və burada daha çox uğur qazanmaq istəyirəm. Qarşıdakı illərdə karate məşqçisi olmaq haqqında düşünə bilərəm.

Karate millisindəki xanımlar arasında paxıllıq və ya qısqanclıq hiss etmişdinizmi?

- Bizdə həmişə mehribançılıq olub. Bir-birimizə həmişə hörmət və sevgi bəsləmişik.

A54I1786

Milli çempionatlarda sizin üçün çətin sayıla biləcək rəqib kim idi?

- Heç kim. Mən həmişə hamısından güclü olmuşam. Rəqiblər var idi, amma hər zaman qalib gəlirdim.

Bəs əcnəbilərdən?

- İspan Sandro Sançez, yaponiyalı Riko Usami, italiyalı Viviyana Battara. Bu üçü həmişə mənə problem olublar. Bunları heç vaxt məğlub edə bilməmişəm.

Özünüzü müdafiə etmək üçün karatedən istifadə etmisiniz?

İki dəfə adam döymüşəm. Bir dəfə cavan oğlan söz atdı, o zaman cavabını vermişəm. Bir dəfə də məşqçimlə birgə dalaşmışıq. Avtomobillə məşqə gedirdik. Piyada keçidindən 2 oğlan çox gec keçdilər. Biz narazıçılıq edəndə onlar da sərt cavab qaytardılar. Maşından düşdük, başladıq dava etməyə. Oğlanlardan biri ilə üzbəüz dayanmışam. Qız olduğumu görəndə “yeri get o tərəfə” deyə etiraz elədi. Sonra taksi sürücüləri gəlib bizi ayırdı ki, kameranın qabağında adam döyürsünüz?

A54I1811

- Poverliftinqlə məşğul olmağa necə qərar verdiniz?

- Uşaqlıqdan bu sahəyə marağım var idi. Balaca olanda ağırlıqqaldırma yarışlarını izləyirdim. 27 yaşım olanda başladım özümü burada sınamağa. Bu prosesdə də mənə Tural Ağayev kömək oldu. Onun yanında fiziki hazırlıqla məşğul olurdum. Tural məsləhət gördü ki, gücümü poverliftinqdə də sınayım. 4 dəfə respublika çempionu olandan sonra Avropa və Dünya çempionatlarında iştirak edim.

- Sizin üçün hansı daha çətindir? Karate, yoxsa poverliftinq?

- Karate. Mən kata ilə məşğul olmuşam. Burada əsas texnikadır. Bir zərbəni öyrənmək üçün 100 dəfə məşq edirdik. Dəqiq olmaq üçün bunu etməli idim. Nə vaxtsa başqa katmen qarşınıza çıxsa, nə qədər çətin olduğunu öyrənə bilərsiniz.

- Bəlkə poverliftinqdəki məşqçiniz bu işin asan yolunu sizə öyrədə bilib?

- Sözsüz. Tural mənim üstümdə çox əziyyət çəkdi. Doğru istiqaməti göstərə bildi. Əgər karatedəki məşqçim də belə olsa idi, mən də indi Dünya və Avropa çempionu ola bilərdi. Necə ki, bunu poverliftinqdə bacardım.

- Poverliftinqdə növbəti məqsədiniz nədir?

- Yenidən Avropa və Dünya çempionu olub, Azərbaycan bu idman növü üzrə öz dəsti-xəttimi qoymaq .

- Azərbaycanlı qadın idmançı hansı çətinlikləri yaşayır?

- Cəmiyyətdə düşüncə formalaşmayıb. Hələ də “qız nədir, idman nədir?” fikri ortalıqda dolaşır. Cəmiyyət qadın idmançıları hələ də normal qarşılamır. Düzdür, dövlət tərəfindən kifayət qədər dəstək görürük. Lakin cəmiyyət hələ də qadınları idmançı olaraq görmək istəmir.

- Gənc nəsilə hansı məsləhətlərinizi verə bilərsiniz?

- Ümumiyyətlə, idman sağlamlıqdır. Yaşından asılı olmayaraq hamı bununla məşğul olmalıdır. Sadəcə xanımlar, profesional olaraq karate ilə məşğul olmaq istəyirsinizsə, bəzi çətinliklərə qarşı gəlməyi öyrənməlisiniz. Burada 2 dövr var: uğur qazanana qədər, bundan sonrası. İlk mərhələni keçənə kimi hamı sizi pisləyəcək, yolunuzdan döndərməyə çalışacaq. Hansısa naliyyəti qazanandan sonra isə əhatə dairəniz genişlənəcək. Bu səfər sizə ancaq qohum-qonşu yox, cəmiyyət də təsir etməyə başlayacaq. Bu səbəbdən də hər zaman qadın idmançılar çətinliklərlə üzləşəcəklər.

- Xanım idmançılar üçün cəmiyyətin basqısı daha çətindir, yoxsa ailənin?

- Ailənin dəstəyi yoxdursa, uğur qazanmaq çətin olacaq. Lakin onlar bir müddətdən sonra razı olurlar. Düşünürəm ki, cəmiyyətin təsiri daha güclüdür və qarşı çıxmaq çox çətindir.

- Hüquq-Mühafizə Orqanlarının əməkdaşı olmusunuz. Bu qərara necə gəldiniz?

A54I1847

- Dedektiv olmaq uşaqlıq arzum idi. Bir müddət Bakı Şəhər Baş Gömrük İdarəsinin əməkdaşı olmuşam. Lakin sonra gedib-gəlmək çətin olduğu üçün işdən ayrıldım. Bundan sonra keçmiş Daxili İşlər Naziri Ramil Usubova məktubla müraciət etdim. Sağ olsunlar, məni könüllü olaraq Hüquq-Mühafizə orqanlarının sırasına qəbul etdilər. Dəftərxanada polis işçisi olaraq fəaliyyət göstərirdim.

- Dövlətə idmançı olaraq xidmət eləmək daha çətindir, yoxsa polis kimi?

- Polis kimi. Bu, çox ağır sənətdir. Polis 24 saat işləyir. Daim xalqın keşiyində durur. Polis çox çətin işdir. Hər kəs orada işləyə bilməz.

- İdmançı olaraq Azərbaycan xanımlarına son nəsihətiniz nədir?

- Çəkdiyimiz əziyyətləri nəzərə alıb deyə bilərəm ki, idmançı olmağa ehtiyac yoxdur. Xanımlar elə xanım kimi qalsalar, daha yaxşı olar. İdmanla sağlamlıq üçün məşğul olmaq olar. Amma bunu peşəkarlığa doğru aparmasınlar.

Söhbətləşdi: İlkin Sultanlı