Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turniri davam edir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) əvvəlcə Denis Vierunu (Moldova) məğlub edib. Səfərov sonrakı görüşlərdə İndrit Cullhaj (Albaniya) və Mukriddin Tılovova (Qazaxıstan) qalib gələrək 1/4 finala yüksəlib.

Eyni çəkidə müarizə aparan Nicat Şıxəlizadə mərakeşli İmad Bassou və monteneqrolu Yusuf Nurkoviçlə dueldən qalib ayrılsa da, yaponiyalı rəqibi Hifumi Abeninin müqaviəmtini qıra bilməyib. 

60 kq-dakı Kəramət Hüseynov və Oruc Vəlizadə mübarizəni erkən dayandırıblar. Hüseynovun 1/32 finaldakı rəqibi Pedro Nayr Qarsiya (Anqola) görüşdən imtina edib. İdmançı ardınca Cənubi Koreya təmsilçisi Kim Von Jinə uduzub. Vəlizadə isə ilk qarşılaşmada Dilmer Kalleni (Peru) üstələsə də, tunisli Fraj Dhoubi ilə bacarmayıb.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq) cənubi koreyalı Yeonju Ohun müqavimətini qıra bilməyib. Bu çəkidəki Leylа Əliyeva da yarışa qələbə ilə başlayıb. İlk görüşdə Luz Alvarezi (Kolumbiya) məyus edən cüdoçu daha sonra ikinci dueldə Katharina Menzə (Almaniya) uduzub.

Gültac Məmmədəliyeva (52 kq) da Cənubi Koreya təmsilçisinin qarşısında aciz qalıb. O, ilk görüşdə belçikalı Amber Ryhueli məğlub edib, daha sonra Bokyeong Jeonga ilə dueldə məğlub ayrılıb.

57 kq-da Aleksandra-Larisa Florian Mariya Skora (Ukrayna) qalib gəldikdən sonra Theresa Stolla (Almaniya) məğlub olub.

Qeyd edək ki, "Böyük Dəbilqə"yə fevralın 23-də yekun vurulacaq. Qarşıdakı günlərdə Azərbaycanın 8 kişi və 1 qadın cüdoçusu da qüvvəsini sınayacaq.