Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komitəsinin sədri, həmçinin bir sıra komissiyaların üzvü Esteban Perez və təşkilatın rəsmisi Tatyana Drozdova Bakıya gəlib.

Offsideplus.az xəbər verir ki, səfər 25 - 29 mart 2020-ci ildə paytaxtda keçiriləcək böyüklər arasında 55-ci və para-karate üzrə növbəti Avropa çempionatı ilə əlaqədar olub.

Qonaqlar rəsmilər və yerli təşkilat komitəsinin üzvləri ilə görüşdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 55-dək ölkədən 630-a yaxın idmançının, həmçinin 40-dək para-karateçinin qatılacağını bildiriblər. WKF rəsmiləri Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 120-dək hakimin idarə edəcəyini, mükafatçıların Tokio olimpiadasına son lisenziya xallarını qazanacaqlarını vurğulayıblar.

Yığıncaqda yarışın cədvəli, texniki, tibbi, mühafizə, media və nəqliyyat məsələləri müzakirə olunub, açılış mərasimində milli ornamentlərə üstünlük verilməsi razılaşdırılıb. WKF nümayəndələri Avopra çempionatının rəsmi qonaqları üçün ayrılmış “Boulevard Hotel”ə, Milli Gimnastika Arenasına və idmançılar üçün nəzərdə tutulan Atletlər Kəndinə baxış keçiriblər.