Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında çıxışlarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmadan başa vurublar. 

Offsideplus.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu növ üzrə pəhləvanların heç biri 6 olimpiya çəki dərəcəsində ilk "6-lığ"a düşə bilməyib. 

Qeyri-olimpiya çəkilərində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.

***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev 1/8 final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 77 kq çəki dərəcəsindəki Mürsəliyevin rəqibi iranlı Məhəmmədəli Abdulhəmid Gərayi olub. 

Görüş Gərayinin qələbəsi ilə yekunlaşıb - 7:0.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçilərinin dünya çempionatını qızıl medalsız başa vuracaqları dəqiqləşib. İndi son 3 təmsilçi uduzduqları rəqiblərin finaladək irəliləmələrinə ümid etməlidir ki, bürünc medal uğrunda təsəlliverici görüşlərə qatıla bilsinlər. Burada isə onlar son təsəlliverici görüşədək irəliləyəcəkləri halda, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Hələlik yunan-Roma güləşçiləri 2 medal qazanıblar. Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala sahib olub.

***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Beka Kandelaki 1/8 final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan Kandelaki almaniyalı Eduard Popp ilə üz-üzə gəlib. Görüşün əvvəlində Kandelaki 7:0 hesabı ilə önə çıxsa da, fasiləyədək üstünlüyünü əldən verib və vaxtından əvvəl məğlubiyyətlə üzləşib - 7:17.

***

Azərbaycanı Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Taleh Məmmədov mübarizəyə məğlubiyyətlə başlayıb. 

Offsideplu.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Məmmədov təsnifat mərhələsinin görüşündə bolqarıstanlı İvo Angelova uduzub - 0:4.

Angelov finala yüksələ bilməsə, azərbaycanlı pəhləvan bürünc medal uğrunda təsəlliverici görüşlərə qatıla bilməyəcək.