Azərbaycan millisinin və "Albasete"nin futbolçusu Eddi İsrafilov bu gün məhkəmədə ifadə verib.

Offsideplus.az xəbər verir ki, 2016-cı ildə İspaniya "Eybar"ında çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan yarımmüdafiəçi məsələ ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

"Serxio həmişə "Whatsapp" qrupunda belə şeylər paylaşırdı. Bu da həmin videolardan biri idi. Mənim həmin videonu yaymağım mümkün deyil. Çünki görən kimi silmişdim. Zərərçəkmişi başa düşürəm. Amma bu məsələ ilə heç bir əlaqəm yoxdur".

S.Enriç və A.Luna isə "bunu təkcə ona göndərmişdik" deyərək İsrafilovu günahlandırıblar.

Qeyd edək ki, azərbaycanlı futbolçunun günahı sübuta yetirilsə, onu 2 illik həbs cəzası gözləyir.