Qış fasiləsinə lider qismində yollanan “Neftçi”nin ikinci dövrədə necə təsir bağışlayacağı sual altındadır. Komandanın nə dərəcədə güclənəcəyindən, eləcə də hazırlıq mərhələsindəki məşqlərdən çox şey asılıdır.

İndiki məqamda ən böyük yük baş məşqçi postuna çempionatın gedişində təyin olunan Samir Abasovun üzərinə düşür. Odur ki, Offsideplus.az olaraq “ağ-qaralar”ın çalışdırıcısı ilə danışmağı lazım bildik.

- İstirahət necə keçir?

- İstirahət deyəndə ki, məşq və oyunlar yoxdur, qalan hər şey əvvəlki kimidir. Gələcəklə bağlı plan qururuq, otel məsələsini danışırıq, bir sözlə, texniki işləri yoluna qoyuruq... İnanırsız, işdən bir az olar gəlmişəm. Evə gəldiyim heç yarım saat deyil. İstirahətlik bir şey yoxdur.    

- Bizdə olan məlumata görə həftənin ilk günləri klub rəhbərliyi ilə görüşməliydiz...

- Bəli, görüşdük. Onsuz da hər gün, az qala hər saat əlaqə qururuq, danışırıq. Amma bəzi suallar var idi ki, onların həlli üçün oturub söhbət etməliydik. Məni ən çox narahat edən toplanış vaxtı otel məsələsinin tezliklə yoluna qoyulmasıydı. Rəhbərlik sağ olsun, heç bir problem olmadığını bildirdilər. Digər məsələlər də tədricən həllini tapmaqdadır.

- Transfer barədə danışmadız? Prins İbaranın gedişindən sonra hücumçuya ehtiyac yarandığını bilirik, bilirsiz.

- Bu gün işimi transferlər üzərində qurmamışam. Allaha şükür, yaxşı heyətimiz var. Qış fasiləsində tam istədiyin futbolçunu tapmaq çətindir. Həm də pandemiya vaxtı. Amma dediyiniz kimi, İbaranın gedişindən sonra hücumçu məsələsinə baxıla bilər. O da necə gəldi, kim gəldi olmamalıdır. Açığı, agentlər mümkün namizədlərlə bağlı təkliflər göndərirlər. Görsək ki, hansısa forvard tam ürəyimizcədir, 100 faiz “Neftçi”yə kömək edə bilər, onu götürə bilərik. Lakin hücumçu transferi qarşımızda duran əsas məqsəd olmayacaq. Yenə deyirəm, tam biz istəyən futbolçu olsa, cəlb edərik. Olmasa da, Mirabdulla Abbasovla davam edəcəyik. Sadəcə, Allah eləməsin, sabah Mirabdulla xəstələnsə, ya zədələnsə, işimiz çətinə düşə bilər. Bir az ona görə narahatam.

- Prinsin getməsini siz istədiz, yoxsa özü?

- Bildiyiniz kimi, Prins “Neftçi”də icarə əsasında çıxış edirdi. Bura gəldiyini gündən çox çalışsa da, özünü göstərə bilmədi. Belə deyim, uyğunaşa bilmədi. Komandaya gəldiyim ilk gündən onun narahat olduğunu görürdüm. Futbolçudur, nəsə alınmayanda, oynamayanda narahatlıq keçirir, fikir edir, geriyə addımlayır. Oturub danışdıq, qarşılıqlı razılıq oldu. Onu heç kim “Neftçi”dən məcbur göndərmədi.

- Az öncə iki dəfə otel məsələsinə toxunduz. Toplanış vaxtı məskunlaşmaq üçün “Neftçi”nin bazası var axı.

- Bazamız var. Amma baş məşqçi kimi mənim istəyim 10 gün müddətində oteldə məskunlaşmaqdır. Komandanı sırf otelə qapamaq istəyirəm. Söhbət sıradan oteldən yox, bizim şərtimizi qəbul edəcək oteldən gedir.

- Hansı şərtinizi?

- Biz orda olduğumuz müddətdə oteldə bir nəfər də kənar şəxs olmasın. Bazaya gəlib-gedənlər olur, çünki ora həm də klubun inzibati binasıdır. Ona görə də yanvarın 11-dən 21-nə, yəni 14-cü turun oyununa kimi oteldən məşqə gedib-gələcəyik. Rəhbərlik sağ olsun, razılıq verdi. Artıq otel də seçilib, bildiyimə görə, “Hyatt Regency”də qalacağıq. Klubla otel arasında müqavilənin təsdiqlənməsi qalıb. İnşallah ki, son anda ortaya problem çıxmasa, orda məskunlaşacağıq.

- Futbolçulara koronavirusa yoluxmamaqla bağlı ciddi xəbərdarlıq etdiyinizi, hətta düşərgəyə xəstə qayıdacaq, ya da buna görə ölkəsində karantinə alınacaq futbolçuları cərimələyəcəyinizi eşitmişəm.

- Bəli, çox ciddi xəbərdarlıq etmişəm. Komandaya yeni gəlmişəm, indi-indi bir-birimizi tanımağa çalışırıq. İstəmədim ki, bu cür həssas məqamda evlərinə getməsinlər, arada nəsə problem olsun. Böyük əksəriyyət xeyli vaxtdır ailəsini görmürdü. Ona görə də onlara bu şəraiti yaratdıq. Onlar da özlərini qorumalıdırlar. Başa düşürəm, xəstəlikdir, bəzən qorunmaq belə kömək etmir. Amma hər kəs başa düşməlidir ki, kütləvi yoluxma bizi uçuruma apara bilər. Kiminsə virusa yoluxması karyerasına təkcə qısa müddətdə yox, mövsümün sonuna qədər təsir edə bilər. Ona görə də diqqətli olmalı, özlərini qorumalıdırlar.

- Emin Mahmudovla “Apollon”un maraqlandığı haqda xəbərə rast gəldim. Nə dərəcədə həqiqətdir?

- Bu gün bazaya gedən kimi bu haqda maraqlandım. Dabonun Eminlə münasibəti yaxşıdır. Ola bilsin, onun təşəbbüsü ilə belə bir xəbər ortaya çıxıb. Bəlkə də rəhbərliyə Mahmudovla bağlı məlumat verib. Amma Eminin “Neftçi” ilə uzun müddətli müqaviləsi var. Üstəlik, özünün də indiki məqamda “Neftçi”ni qoyub başqa kluba keçəcəyini inanmıram. Belə bir şey olsaydı, kluba məktub göndərərdilər.

- “Neftçi” qış fasiləsinə kimi lider yollandı. Bu isə o deməkdir ki, ilk pillədəki yerinizi qoruya bilsəz və çempionat ötən il olduğu kimi vaxtında əvvəl başa çatsa, çalışdırdığınız komanda 7 illik çempionluq həsrətinə son qoya bilər. Bu haqda düşünmüsüz?

- Çempionatın erkən başa çatmasını qətiyyən istəmirəm. Allah uzaq eləsin, belə şey olmasın. Bu cür enerjimiz varsa, bu cür sürət yığmışıqsa, sona qədər davam etməsini istəyirəm. Ona görə də o barədə qətiyyən düşünmürəm. 28 tur oynanılsın, kim layiqdirsə, o da qalib olsun.