Gözlənilən baş verdi. UEFA Nurlan İbrahimovun məlum statusu ilə bağlə qərarını açıqladı ki, "Qarabağ" rəsmisi futboldan ömürlük uzaqlaşdırıldı, klub isə 187 min manat məbləğində cərimə olundu.

İndiki məqamda önənli olan hadisələrin bundan sonrakı axarıdır. "Qarabağ"ın qərarın yüngülləşdirilməsi üçün edəcəyi müraciət və aidiyyatı qurumların buna necə yanaşacağı.

Offsideplus.az qarşıdakı günlərdə nələrin baş verə biləcəyini araşdırmaq üçün ekspert rəyinə ehtiyac duydu. Ekspert -müsahibimiz ölkədə yeganə idman hüquqşünası olan Fərid Haqverdiyevdir. 

- Qərarla tanışsız. Hüquqşünas kimi cəza və cərimə ilə bağlı fikirlərinizi bilmək maraqlıdır.

- Təbii ki, məlumatlıyam. Heç istəmədiyimiz, lakin ehtimal etdiyimiz cəza oldu. Sözsüz, bir azərbaycanlı kimi buna təəssüflənirik. Burda məsələnin iki tərəfi var, biri hüquqi proses, digəri işin mənəvi tərəfi. Belə deyim, UEFA-nın verdiyi qərar qaydalara uyğun verilib. Bizim razılaşmadığımız cəzanın ağırlığı və təzyiq altında verilmiş olmasıdır. Bundan sonra "Qarabağ"ın iki orqana şikayət etmək imkanı var. Biri UEFA-nın tərkibindəki Apellyasiya Komitəsidir, daha sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsi.

- Nurlanın əməlinə görə cəzalanmasını başa düşmək olar. Bəs klubun 187 min manat məbləğində cərimələnməsinin məntiqi əsası nədir?

- UEFA-nın intizam qaydalarının 8-ci maddəsində qeyd olunub ki, klublar öz işçiləri, rəsmiləri, hətta azarkeşlərinə görə belə, məsuliyyət daşıyır. Onların  hər birinin hərəkətinə görə klubun məsuliyyəti var. Məhz bunu əldə əsas tutaraq klubu cərimələyiblər. Çünki həmin vaxt Nurlan İbrahimov "Qarabağ" rəsmisi idi. 

- Necə düşünürsüz, "Qarabağ" cəza və cərimənin yüngülləşdirilməsi, yaxud aradan qaldırılması yönündə edəcəyi şikayətlə nəyəsə nail ola bilər?

- "Qarabağ"ın qərardan şikayət etmək haqqı var və bundan mütləq istifadə etməlidir. Hesab edirəm ki, cəza və ya cərimə yüngülləşdirilə bilər. Apellyasiya Komitəsində nəyəsə nail olunmasa, İdman Arbitraj Məhkəməsinə baş vurmaq lazımdır. Bu, maksimal cəzadır. Yüngülləşdirici, belə deyim, qərar verilənə qədər nəzərə alınmayan faktorlar var. Onları diqqətə çatdırmaqla istəyə çatmaq mümkündür.

- Bu işdə müəyyən təcrübəyə sahibsiz. "Qarabağ" rəhbərliyi sizə müraciət etsə, hansısa mənada kömək edə bilərsiz?

- Bir azərbaycanlı kimi əlimdən gələn köməkliyi etməyə hazıram. 

HƏBİB