Bir vaxtlar Azərbaycan futbolunda Nuran Qurbanov adlı futbolçu vardı. İstedadı ilə diqqətləri çəkir, xoş gələcək vəd edirdi. 16 yaşından başlayaraq Premyer Liqada “Muğan”, MOİK, “Qəbələ”, “Sumqayıt”, “Bakı”, “Rəvan” kimi komandaların, eləcə də U-17 və U-19 millilərinin şərəfini qorusa da, qəfil yoxa çıxdı.

Offsideplus.az kiçik axtarışlardan sonra Nuranı Türkiyənin İzmir şəhərində tapdı. Məlum oldu ki, 2016-cı ildən qardaş ölkəyə köçən 27 yaşllı futbolçu özünə oranı məskən seçib. Gerisini öz dilindən eşidəcəksiz.

- Xeyli vaxtdır səs-sorağın gəlmir. Haralardasan, nə işlə məşğulsan?

- Türkiyədəyəm, İzmir şəhərində. O vaxtdan gələnəm, daha Azərbaycana qayıtmadım. “Rəvan”dan ayrılandan sonra 2016-nın əvvəlində bura gəlib BAL liqasında iştirak edən “Turqutluspor”la anlaşdım. Çempion olandan sonra “Urqanlı Spor”a keçdim, orda da birinci yeri tutduq. “Kestel Spor”da oynadım, orda da çempion olduq. 3 il ərzində ümumilikdə 5 komandada oynadım. Sonradan kənardan gələnlərin oynamasına icazə verilmədi.

- İndi oynayırsan?

- Xeyr.

- Niyə?

- Dediyim kimi, kənardan gələnlərə qadağa qoyulub, oynaya bilmərik. İndi vətəndaşlıq məsələsini gözləyirəm. 3-4 aya Türkiyədə yaşamağa başlamağımın 5 ili tamam olacaq. Vətəndaşlıq alandan sonra oynamaq problem olmayacaq.

- Maraqlıdır, o vaxt Türkiyəyə yolun necə açılmışdı?

- Görəndə ki, Azərbaycanda maraqlanan yoxdur, ölkədən çıxmağı qərara aldım. O vaxt Sloveniyadan da təklif var idi. Lakin burda qohumlarım olduğundan, həm də, üzr istəyirəm, yeni ailə qurduğumdan Türkiyəni seçdim. Gəldim, axtardım, maraqlandım, klub tapdım, başladım oynamağa. Sözün düzü, mənə PTT liqasında oynayacağmı demişdilər. Nəsə alınmadı, BAL liqasına getdim.

- Türkiyə pasportu alandan sonra karyeranı bərpa edə biləcəksən?

- Açığı, iş-güc əlindən məşq etməyə də imkan olmur. Bacardıqca yüngül məşqlər etməyə çalışıram. Nə gizlədim, oynamaq istəyirəm. 27 yaşım var, əsl oynayan vaxtımdır. Pasportu alım, nə olacağını zaman göstərəcək. Fikrim BAL liqasından başlayıb, forma yığdıqca daha üst liqalara qalxmaqdır. Burda klub tapmaqla bağlı problem yoxdur. Bacarıqlı oyunçunu hər yerdə axtarırlar, gözləyirlər.

df786fad b087 463c 9c74 7572c0542c0c

- Bir ara azərbaycanlı futbolçular Türkiyənin həvəskar liqalarına axın edirdi. Maliyyə çox yaxşıdır?

- Burda pulla bağlı problem yoxdur. Azərbaycan Premyer Liqasında indi verilən maaşlardan xəbərim yoxdur. Əlbəttə, az alan da var, çox alan da. Bir onu deyə bilərəm ki, 4-5 il əvvəl Azərbaycanın ortabab klublarının təklif etdiyi pulu burda 3-cü liqada qazanmaq mümkün idi. Bu gün “PTT”dən sonrakı, yəni 2-ci liqada top qovan oyunçular bizim pulla ilinə 150-250 min manat arası maaş alır. "PTT"də ümumiyyətlə yaxşıdır, məvaciblər 250-300 min manatdan başlayır.

- Bildiyimə görə, Türkiyə vətəndaşı ilə ailə qurmusan.

- Yox-yox, Azərbaycan vətəndaşıdır. Türk vətəndaşı olsaydı, Türkiyə pasportunu 3 ilə alardım (gülür). Sadəcə, xanımımın anasının ikinci evliliyi Türkiyədə olub deyə, burda məskunlaşıblar.

- Uşaq var?

- İki oğlum var, birinin 4 yaşı olacaq, balaca 6 aylıqdır.

- Allah qorusun! Futbol oynamırsan, bəs nə işlə məşğulsan orda?

- Norveçdə yaşayan dostumun biznesi var. Özü Türkiyədə olmadığından, mənə tapşırıb, bütün işlərə mən nəzarət edirəm.

- Nə işidir?

- İnşaat. Anlaşılan şəkildə desəm, tikinti işidir. Alınmalı olan ləvazimatlardır, ustalara nəzarət, onlara maaşların verilməsi, bir sözlə, tikintiyə aid işlərə nəzarət edirəm. Eyni zamanda Azərbaycan və Gürcüstanda olan idman malları mağazalarımıza – “ML Sport”a mallar göndəririk. İdman geyimləri, ayaqqabılar, butslar. Sağ olsunlar, futbolçu dostlarımızın çoxu ordan alış-veriş edir.

- Azərbaycan çempionatını izləyirsən?

- Desəm ki, diqqətlə izləyirəm, yalan olar. Ümumi mənzərə ilə tanışam. Çünki bəzi futbolçu yoldaşlarımla danışıram, onlardan nələrisə eşidirəm.

- Azərbaycan futbolçu, çempionatı Türkiyədən necə görünür?

- Mənim öz ölkəmdir, vaxtilə orda yetişmişəm, oynamışam, nələrsə öyrənmişəm. Təbii ki, mənə həmişə şirin görünəcək. Burda türk futbolçu tanışlarımın dediklərini sizə çatdıra bilərəm ki, Azərbaycan futbolunu aşağı səviyyədə görürlər. Uzağa getməyək, avrokuboklara baxaq, “Qalatasaray”la “Sivasspor” titullu komandalarımız  sayılan “Neftçi”ylə “Qarabağ”ı rahat şəkildə uddu. Millimizin durumunu da hamı görür. Nəticələri gizlətməyə yer də yoxdur ki, adam gizlətsin. Heç kim eşitməsin, bilməsin. Yaxşı ki, “Qarabağ”ımız var, hər il avrokubokların qruplarında çıxış edib, üzümüzü güldürür.

- Vaxtilə futbol oynamaq üçün Türkiyəyə gedənlərdən kimlərsə qalıb orda?

- Bəlkə də var, mən bilmirəm. Bildiyim Azad Kərimovdur. “Bakı”nın yetirməsiydi, o da burda BAL liqasında oynayırdı. Türkiyəli xanımla ailə qurub. O da burda hardasa işləyir.

765f0cac cf8e 409d 9f65 34e5ed45a781