UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirən Azərbaycan millisi Lüksemburqdan geri dönüb.

Offsideplus.az yığma komandanın və "Keşlə"nin oyunçusu Vüsal İsgəndərli ilə əlaqə saxladı. 25 yaşlı yarımmüdafiəçi Canni De Byazinin rəhbərliyi altında çıxdığı ilk oyundan, millinin Lüksemburqla görüşdə güclü və zəif cəhətlərindən, həmçinin koronavirusdan qorunma barədə fikirlərini bölüşüb.

- Millinin 3 oyunu geridə qaldı: Monteneqro və Lüksemburqla qrup görüşləri və Sloveniya ilə yoldaşlıq matçı. Bu oyunlar barədə fikirlərini eşitmək istərdik.

- Hər üç oyunumuz çətin keçdi, meydana qələbə üçün çıxmışdıq. Üç oyun da heç-heçə ilə başa çatdı. Qol vura bilmədik, həm də qol buraxmadıq. Əlbəttə, biz də istərdik ki, qələbə qazanaq. Ancaq hər üç oyun demək olar ki, yaxşı nəticələndi. Əslinə qalsa, qələbə qazana bilərdik.

- Həmçinin baş məşqçi Canni De Byazi ilə millidə debüt elədin...

- Bundan əvvəlki iki toplanışa çağırılmamışdım, lakin çağırılmaq istəyirdim. Xeyirlisi inşallah, belə alındı, bu da bir qismətdir.

- Vaxtilə De Byazi milliyə çağırmır deyə gileylənirdin. Maraqlıdır, indi italiyalı mütəxəssis barədə fikirlərin nədir?

- Baş məşqçinin haqqımdakı etiraz və narazılığını öyrənmişdim. Toplanışa getdiyim gün məşqçi tərəfindən çox yaxşı qarşılandım. İlk gündən söhbət etdik, danışdıq. Mənə nə lazımdır, nə eləməyim məsləhətdir - hər şeyi başa saldı. Mənə çatdırdığı məsələlərdə daha diqqətli olmağımı tövsiyə elədi. Mən də, əlbəttə ki, baş məşqçinin dediklərini edəcəm. İnşallah, bundan sonra da mütəmadi olaraq milliyə çağrılmaq istəyirəm.

Çox yaxşı, pozitiv insandır. İşləmək istəyən məşqçidir. Gülərüzdür, zarafat sevəndir, lakin iş başladığı təqdirdə çox ciddidir. Öz istədiklərini, taktikasını "oturtmaq" istəyir. Motivasiya verən, futbolçu ilə danışmağı biləndir. Bu toplanış mənim üçün xoş xatirələrlə yadda qaldı.

1583319437865 eeefoGiQ

- Lüksemburqla matça qayıdaq. Millinin oyunu kənardan çox miskin görünürdü. Problem nədə idi?

- Ad baxımdan Lüksemburq balaca ölkədir, "cırtdan" dövlətdir. Ancaq onların oyunçularına baxsaq, çoxunun milliləşdirildiyini görərik. Çoxu ölkə xaricində oynayıb. Hər üç oyunda qələbə qazana bilərdik, buna şansımız vardı. Qapını toxunulmaz saxladıq, bu bizim üstün cəhətimiz idi. Qol vura bilməmək isə ən zəif cəhətimiz oldu. Zəif cəhətlərimiz üzərində işləməli, hər kəs öz üzərinə düşən məsuliyyəti bilməli və qol vurmalıyıq. Gələn oyunlarda daha çox qol vuracağımıza və qələbə qazanacağımıza inanıram.

- Hazırda millinin 3 futbolçusu koronavirusa yoluxub. Virus barədə komandada ümumi ab-hava necədir?

- Hər ehtimala qarşı mən də maska taxıb gəlmişəm ki, hər kəsin ürəyi rahat qalsın. Sabah komanda olaraq sağlamlıq testindən keçməliyik. Sabaha kimi maska ilə gəzməliyik ki, hər şey yaxşı olsun.