“Sabah”ın hazırkı durumu ürək ağrıdır. 9 turdan sonra aktivində 6 xal olan “tələbələr” sonuncu pillədə qərarlaşıb. Halbuki mövsüm başlamamış böyük əksəriyyət güclü heyətə malik komandanın ilk “3-lüy”ə düşmək uğrunda mübarizə aparacağını deyirdi.

Vəziyyətin bu cür alınmasının səbəbkarı rəhbərliklə futbolçulardır. Çünki klub rəhbərliyi səviyyəsində komandaya lazım olan şərait yaradılıb. Heyətdəki futbolçulardan biri də 3 ildir “Sabah”ın formasını geyən Filip İvanoviçdir.

Offsideplus.az-ın əməkdaşı serbiyalı müdafiəçi ilə söhbətdə həm “Sabah”la, həm də Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı suallara cavab tapmağa çalışıb.

- Komandada ab-hava necədir?

- 9 oyunun 7-ni məğlub başa vurmuşuqsa, vəziyyət yaxşı ola bilməz. Əlbəttə, nəticələrə görə hər birimiz narahatıq. “Sabah” bu gün layiq olduğu yerdə deyil. Rəhbərliyin bizə yaratdığı şəraitin qarşılığında bu cür uğursuzluq heç birimizə xoş deyil. Qalan məsələlərdə hər şey qaydasındadır. İntensiv məşqlərlə növbəti matçlarda qələbələri sıralamaq istəyirik.

- Zədənlə bağlı durum necədir?

- Ciddi bir şey yoxdur. Hazırda müalicə alıram, 10-14 günə oynaya biləcəm.

- Çempionatda ən yaxşı heyətə malik komandalardan birisiz. Rəhbərlik də lazım olan şəraiti yaradıb. Belədə 7 məğlubiyyətin səbəbkarı kimdir?

- İnanırsız, bu hal özümə də pis təsir edir. Rəhbərliyin yaratdığı şəraitin qarşılığını lazımi şəkildə verə bilmirik. Hər şeyimiz var, çatışmayan nəsə yoxdur. Məşqlərdə səylə çalışırıq, hər oyuna qələbə qazanmaq üçün çıxırıq, amma alınmır. Özüm də bilmirəm.

- Bəlkə problem baş məşqçidədir?

- Hər şeyi baş məşqçinin üstünə atmağın tərəfdarı deyiləm. O burda yenidir, gələcək üçün strategiya qurub, nəsə etməyə çalışır, əziyyət çəkir.Məşqlərdə hamı əladır. Oyun başlayandan sonra sanki nəsə baş verir, komanda özünə bənzəmir. Bir şeyi də deyim ki, bəzi oyunlarda uduzmalı deyildik. Qələbə qazanmalı olduğumuz bəzi matçları məğlub başa vurduq. Misal kimi “Sumqayıt”, “Qəbələ”, “Zirə” ilə görüşləri göstərə bilərəm. Bəxtsizliklə üzləşirik bəzən. Keçmişi düşünməklə yaxşı nəsə əldə edə bilmərik. Gələcəyə baxmalı, ümidimizi itirməməli və qələbələri sıralamaq üçün durmadan çalışmalıyıq.

- İndiki psixoloji durumla mümkündür?

- Mümkünsüz heç nə yoxdur. Sizi əmin edirəm, 1-2 oyunda qalib gəlsək, davamı gələcək. Liderlərlə 8-9 xal fərqimiz var. Bu fərqi azaltmaq üçün 2-3 oyunda qələbə bəs edəcək. Azərbaycan çempionatı elədir ki, 3 xal səni 3 pillə qaldıra bilir. Yaxud 1-2 məğlubiyyətlə sonuncu pilləyə düşürsən. Qarşıda 19 tur var. Günahlarımızı yumağa vaxt var.

- Vəziyyətin düzələcəyini deyirsən. Amma komandanız növbəti görüşlərə millilərdə olan futbolçularsız hazırlaşır. Bu isə məşq prosesində ciddi əskiklik sayılır.

- Doğru qeyd edirsiz. Bu gün bizim üçün ən böyük problem budur. Hazırda taktiki tapşırıqlar üzərində çalışırıq. Lakin aparıcı futbolçular bizimlə deyil. Onlar millidən qayıdandan sonra 1-2 gün istirahət edəcək. Komandaya qoşulanda isə növbəti çempionat matçına çıxmalıyıq. Baş məşqçi üçün çox ciddi problemdir. Peşəkar futbolçularıq, “Sabah”ı layiq olduğu yerə qaldırmaq üçün hər bir vəziyyətdən çıxış yolu tapmalıyıq.

- Mövsümün sonunda mükafatçılardan biri olacağınızı düşünürsən?

- Qarşımızda duran hədəf minimum Avroliqaya vəsiqədir. Bunun üçün çalışırıq. Dediyim kimi, rəhbərlik bizə pul və vaxt verib, biz isə onlara avrokuboklara vəsiqə verməliyik. Başqa yol yoxdur. Sonda hədəfə çatacağımıza inanıram.

- Ayyarım Azərbaycanda müharibə şəraiti müşahidə olundu ki, bir çoxları bundan narahat idi. Maraqlı, həmin dönəmdə sən və xanımın nə hisslər keçirirdiz?

- Əlbəttə, müharibəyə görə narahat idik. Amma özümüzə görə yox, cəbhədə döyüşən əsgərlərə və onların valideynlərinə görə. Biz cəbhə bölgəsindən çox-çox uzaqda – Bakıda idik. Bildiyiniz kimi, burda əmin-amanlıq idi. Amma düşmənlə üz-üzə dayanan əsgər və zabitlər idi. Onlara görə çox narahat olurduq. Yeri gəlmişkən, müharibə qurtardı, Qarabağ Azərbaycana qaytarıldı. Fürsətdən istifadə edib Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Müharibə vaxtı şəhər sakit idi, insanlar narahatlıq içindəydi. İndi hamı gülüb-danışır, qələbəni bayram edir. Bizim komandada da yenidən hamı futbolu düşünməyə başlayıb.

- Cənab Prezidentimiz İlham Əliyevin işlətdiyi və sonradan dillər əzbəri olan ifadə var: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bu ifadəni təkrarlaya bilərsən?

- Bu sözlə tam razıyam. Bəli, Qarabağ Azərbaycandır! Bunu mən demirəm, tarix deyir. Mən Azərbaycana gəlməmişdən əvvəl internet qaynaqlarında müəyyən məlumatlar əldə etməyə çalışırdım. O vaxt Qarabağın tarixi haqda müəyyən məlumatlar oxumuşdum. Mən sizi yaxşı başa düşürəm. Çünki biz serblər də kosovalılarla eyni münaqişəni yaşayırıq. Kosovonun hazırda sahib olduğu torpaqlar bizimdir, lakin biz serblər orda yaşamırıq.