Cari mövsümün əvvəlində “Qarabağ”la müqavilə bağlayan Patrik Andrade qısa müddətdə özünü azarkeşlərə sevdirməyi bacardı. İndi o, “köhlən atlar”ın aparıcı simalarından sayılır, komandanı arxasınca aparır.

Çempionatda yaranmış fasilə ilə bağlı 27 yaşlı futbolçu ilə danışmaq qərarına gəldik. Andrade məmnuniyyətlə offsideplus.az-ın suallarını cavablandırdı.

- “Neftçi”ylə oyunda zədələnib meydanı erkən tərk etmişdin. Vəziyyətin necədir?

- Sol ayağımdan zədə almışdım. Həkimlər tərəfindən müalicə alıram. Bərpanı da uğurla başa vurub, məşqlərə başlayacam.

- “Qarabağ”da özünü necə hiss edirsən?

- Əla. Belə deyim, bu ailənin üzvü olduğuma görə xoşbəxtəm.

- “Qarabağ”da bəyəndiyin nədir?

- İlk növbədə komandadakı ab-hava. Gəldiyim gündən çox isti qarşılandım və bunun sayəsində meydanda özümü rahat hiss edirəm. Bir də, təbii ki, komandanın topla oynaması. Texnikalı futbolun tərəfdarı olduğum üçün “Qarabağ”ın oyununu bəyənirəm.

- Bir çox futbolçular yeni komandaya uyğunlaşmaq üçün vaxta ehtiyac duyur. Sən isə, gələn kimi sanki neçə illərdir “Qarabağ”daymış kimi rahat oynamağa başladın. Səbəb nə idi?

- Az öncə dediyim kimi, məşqçilər heyəti və komanda yoldaşlarım məni çox isti qarşıladı. Komandaya, yeni ab-havaya uyğunlaşmağım üçün əllərindən gələni etdilər. Mənsə meydanda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdım, özümə rahat olan şəkildə oynayırdım. Bu iki amil uyğunlaşmağıma kömək etdi.

- Bura gələnə qədər ölkəmiz və “Qarabağ” haqda hansı məlumatlara sahib idin?

- Azərbaycan haqda geniş bilgilərə sahib olduğumu desəm, yalan danışmış olaram. Bildiyim əsasən “Qarabağ”la bağlı idi. Hər il bu komandanın adını Avroliqanın qrupunda görürdüm. Hətta “Sportinq”lə oyunu xatırlayıram. Təklif alandan sonra həm Azərbaycan, həm də Bakı haqda məlumatlar toplamağa başladım.

- Bolqarıstan “Çerno More”sində oynadığın dönəmlərdə Kabo-Verde millisinə cəlb olunmurdun. “Qarabağ”da oynamağa başlayan kimi baş məşqçi sənə dəvət göndərdi. Avroliqada çıxış etməyin bəhrəsiydi?

- “Çerno More”də oynadığım vaxt da dəvət göndərilmişdi. Sadəcə, pandemiyaya görə oyunlar təxirə salınmışdı deyə, alınmamışdı. Sözsüz ki, “Qarabağ”la Avroliqanın qrupunda oynamağım millidən dəvət almaq yönündə üstünlük oldu.

- Vaxtilə çıxış etdiyin Bolqarıstan çempionatı ilə Azərbaycan birinciliyini müqayisə edə bilərsən?

- Fərqli çempionatlardır. Bolqarıstanda əsasən güc futboluna üstünlük verilir, nisbətən fərqli futbol oynanılır. Azərbaycanda isə komandaların çoxu texnikalı futbol sərgiləyir.