Toqolu 21 yaşlı yarımmüdafiəçi Akokpo Yaovi milli yığmada ölkəsini təmsil edə bilmək üçün Azərbaycan Premyer Liqasında özünü yüksəltmək istəyir.

Yaovi bunu Offsideplus.az-a eksklüziv müsahibəsi zamanı deyib. Azərbaycan Premyer Liqasına qatılan gənc oyunçu "Qəbələ" ilə debüt oyununu "Zirə"yə qarşı matçda etmişdi. Toqolu oyunçu "Qəbələ" ilə daha çox nailiyyət əldə etməyi planlaşdırır.

"Qəbələ Afrika xaricindəki ilk klubumdur, başlanğıcda asan olmasa da tədricən öyrəşirəm. Meydana da uyğunlaşıram və məşqçinin təlimatlarını yaxşı başa düşə bilirəm", - deyə Yaovi bildirib.

Yaovvvii

Gənc yarımmüdafiəçi "Qəbələ" tərəfindən transfer edilmədən öncə Toqodakı "SportBack" Agentliyi tərəfindən kəşf edilib.

"Hədəflərimdən biri "Qəbələ"də əlimdən gələnin ən yaxşısını etmək və komandanın uğurlarına töhfələr verə bilməkdir. Karyeramı Qəbələdə davam etdirmək istəyirəm ki, Toqo milli yığmasında oynamaq fürsəti əldə edim. Gələcəkdə millətimin rənglərini qorumaq istəyirəm".

2020-ci ildə "Qəbələ"yə qatılan Yaovi fransız dilində danışa bilən komanda yoldaşının Bakı şəhərini, Azərbaycan mətbəxini və mədəniyyətini ona tanıtmasından bəhs edib:

"Komanda yoldaşlarımdan biri fransızca danışır, mənə meydanda və meydandan kənar kömək edir. Mənə Azərbaycan və Bakı mətbəxi barədə məlumat vermişdi. Bu mənə adaptasiya olmağa yaxşı kömək etdi".

Əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olan Yaovi həmçinin hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. "Qəbələ"nin ən gənc oyunçularından biri olan Akokpo Yaovinin 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.