Millinin başa çatan Millətlər Liqasında sərgilədiyi futbol və əldə etdiyi nəticələr futbol ictimaiyyətini özündən çıxarıb.

Canni de Byazinin gəlişindən sonra müsbət dəyişikliklərin olacağına ümid etsək də, ortada nə oyun, nə də nəticə. Hadisələrin zaman üzrə inkişafı isə italyan mütəxəssisin də Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviçdən biri olacağını deyir.

Offsideplus.az maraqlı xəbər əldə edib. Etibarlı mənbədən verilən məlumata görə, yaxın keçmişdə yığma formasını geyən, ölkənin üzdə olan komandalarının şərəfini qoruyan, əvəzində bu gün işsiz qalan futbolçular mətbuat konfransı keçirəcək. Hətta bir neçəsinin adını da öyrənə bilmişik. Vaqif Cavadov, Vüqar Nadirov, İlqar Qurbanov, Mahir Şükürov...

Adları çəkilənlər kənarda qalmaları ilə barışa bilmir, ölkə futbolundakı xidmətlərinə görə hansısa işin qulpundan yapışmağı məqsədəuyğun bilirlər. Sözləri çox, ürəkləri doludur. Elə bunun üçün də jurnalistlərlə bir araya gəlib, mətbuat konfransında həm ictimaiyyətə, həm də aidiyyatı şəxslərə və qurumlara səslənmək istəyirlər. 

Mövzunu diqqətdə saxlayacağıq...