İtaliyanın Gənclik və İdman naziri Vinçenze Spadafora koronavirusa yoluxan "Yuventus"un forvardı Kriştiano Ronaldonu İtaliyaya təcili yardım təyyarəsi ilə döndüyünə görə ittiham etmişdi.

Offsideplus.az xəbər verir ki, nazir portuqaliyalının koronavirusa görə tətbiq olunan protokol qaydalarını pozduğunu bildirmişdi.
RAI radiosuna açıqlama verən nazir Spadafora, "Ronaldonun Portuqaliyaya gedib-qayıdarkən protokollara əməl etmədiyini düşünürsünüzmü?" sualına "Bəli, tam olaraq belə düşünürəm. Əyər, yerli sağlıq qurumlarından hər hansı bir icazəsi yoxdursa, yaşananlar bunu deməyə əsas verir" deyərək cavablandırıb.
Portuqaliya millisinin üzvü isə ittihamları rədd edib. "Football Italia" nəşrinə açıqlama verən 35 yaşlı hücumçu İtaliyaya xüsusi təyyarə ilə qayıtdığını söyləyib. Ronaldo hətta Turində də heç kimlə əlaqə qurmadığını vurğulayıb: "Ailəm evin başqa bir mərtəbəsində qalır, bir-birimizlə əlaqə qurmuruq. Protokola hörmət edirəm. Deyilənlər yalandır, protokolu pozmamışam".

Qeyd edək ki, oktyabrın 13-də Kriştiano Ronaldoda koronavirus aşkarlanıb. O bu səbəbdən A Seriyasının növbəti turunun "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə görüşlərində iştirak edə bilməyəcək.