Kilian Mbappenin "Liverpul"a keçəcəyi iddiaları futbolçu hələ PSJ-yə keçməmişdən əvvəl səsləndirilirdi.

Offsideplus.az xəbər verir ki, o vaxtdan indiyədək bu kimi məlumatlar yayılmaqda davam edir. Son olaraq, "Liverpul"un sabiq futbolçusu Stefan Varnok "Echo"ya açıqlamasında Mbappenin keçidinin mümkünlüyündən danışıb:

"Liverpul" uğurlu və böyük tarixi olan klubdur. Kloppun rəhbərliyi altında uğurlu çıxışını davam etdirir. İnsanların dünyanın ən yaxşı oyunçuları ilə "Liverpul"un adını yanaşı çəkmələri normaldır. Dürüst olaq. bu futbolçular niyə Kloppun rəhbərliyi altında oynamaq istəməsinlər? Klubdakı atmosfer və möhtəşəm məşqçi işi ortadadır. Mbappe "Liverpul"a keçmək istəyərmi? Niyə istəməsin? Niyə dünyanın ən yaxşı futbolçuları ilə ən yaxşı liqasında özünü sınamasın? Tək bir problem var: futbolçuların "Real" ya da "Barselona"da oynayaraq "Qızıl top" qazana biləcəklərini düşünməsi. Bu qəlibi aradan qaldırmalıyıq. Mbappe hər kəsin Premyer Liqada görmək istədiyi oyunçulardandır. Mən də onu "Liverpul"da görmək istəyirəm. Bunun olub-olmayacağını bilmirəm. Bu Mbappenin verəcəyi qərardır".

Adı tez-tez "Real Madrid"lə yanaşı çəkilən Mbappe ilə bağlı son günlərdə açıqlama verən PSJ-nin idman direktoru Leanardo oyunçunun Paris klubunda qalacağını bildirib.