Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" və "Fənərbağça" komandaları arasında mövsümün ilk İstanbul derbisi keçiriləcək.

Offsideplus.az-ın məlumatına görə, VI tur qarşılaşmasını FIFA referisi Cüneyt Çakır idarə edəcək. "Türk Telekom" arenada təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

110 ildir rəqabətdə olan iki komanda 390-cı dəfə üz-üzə gələcək. Əvvəlki qarşılaşmaların 146-da "Fənərbağça", 123-də isə "Qalatasaray" qələbə qazanıb. Topların nisbətində də "sarı lacivərdlilər" üstündür - 535:485. 

62 ildir keçirilən Superliqada isə İstanbul təmsilçiləri 124 dəfə görüşüblər. Bu rəqabətdə də "Fənər" öndədir - 50:33. Topların nisbəti isə 157:119-dur. Son 10 rəsmi matçın 6-da heç-heçə qeydə alınıb, 3-də "sarı-lacivərdlilər", 1-də "sarı-qırmızılar" qələbə qazanıb. Qonaq komanda yenə uduzmasa, əzəli rəqiblə səfər qarşılaşmalarındakı məğlubiyyətsizlik seriyasını 5-ə çatdıracaq. 

Komandalar oyuna itkilərlə çıxacaqlar. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, köməkçiləri Ümit Davala və Hasan Şaş cəzalı olduqları üçün matçı texniki zonadan deyil, tribunadan izləməli olacaqlar. Futbolçulardan zədəli Emre Akbaba forma geyinməyəcəksə, 2 tur öncə "Kasımpaşa" ilə oyun zamanı çənəsi qırılan Yunes Belhanda şans veriləcəyi təqdirdə, meydana qoruyucu maskada çıxacaq. 

"Fənərbağça"ya gəldikdə, Harri Rodrigeş zədə səbəbindən keçmiş komandasına qarşı forma geyinməyəcək. Hasan Ali Kaldırım, Maurisio İsla və Viktor Mozesin də görüşə tam hazır olmadıqları bildirilir. Tolqa Cigerci isə ilk dəfə sabiq klubuna qarşı çıxış edə bilər. 

"Qalatasaray"ın futbolçularından 12-si ilk dəfə derbidə oynaya bilər. Bunlar yayda transfer olunmuş Adem Büyük, Emre Mor, Florin Andone, Cimmi Durmaz, Jan Mişel Seri, Mario Lemina, Radamel Falkao, Rayan Babel və Stiven Nzonzi, "Fənərbağça"dan alınan Şener Özbayraklı, ötən mövsüm heyətə cəlb olunmuş, amma zədə səbəbindən derbidə çıxış etməmiş Kristian Luyindama və Markaodur.

Qeyd edək ki, 5 turdan sonra "Fənərbağça" 10 xalla 2-ci, "Qalatasaray" 8 xalla 7-ci pillədə qərarlaşıb.