"Napoli”nin futbolçuları UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi “Zaltsburq”la (1:1) heç-heçə etdikləri oyundan sonra klubun bazasına qayıtmaqdan imtina ediblər.

Offsideplus.az xəbər verir ki, italiyalı jurnalist Tankredi Palmeri “Twitter” hesabında bəzi oyunçular klubun prezidenti Aurelio De Laurentisin həftənin sonuna qədər bazaya qapanma qərarına riayət etməyiblər.

Oyun bitdikdən sonra kapitan Lorentso İnsinyenin klub rəhbərinin oğluna yaxınlaşaraq “Biz evə yollanırıq. Get, atana söylə” dediyi bildirilir.

“Zaltsburq”la görüşdən sonra “Napoli”nin baş məşqçisi Karlo Ançelotti mətbuat konfransına qatılmayıb. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər.

 “Napoli” klubunun prezidenti Aurelio De Laurentis əsas komandanın futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb. 70 yaşlı funksioner Neapol təmsilçisinin son 3 matçda qalib gələ bilməməsinə görə bu addımı atıb. De Laurentis qərarını cəza deyil, oyunçuların bir-birilərini yaxından tanımaqları üçün fürsət kimi dəyərləndirib.

Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: “Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”. 

Xatırladaq ki, ÇL-də E qrupunda yer alan “Napoli” 8 xalla 2-ci yerdədir. Neapollular A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşır.