Bu günlərdə UEFA tərəfindən maliyyə qaydalarını kobud şəkildə pozduğuna görə Avrokuboklardan iki il müddətinə uzaqlaşdırılan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanın komandadan gedib-getməyəcəyi mətbuatda ən çox müzakirə olunan məsələlərdən biridir.

Offsideplus.az İngiltərənin "Sport" nəşrinə istinadən xəbər verir ki, təcrübəli ispaniyalı mütəxəssis komandasının başından ayrılmaq niyyətində deyil. Pepin müqaviləsi bitənə qədər "şəhərlilər"in sükanı arxasında olacağı bildirilir. Bir neçə əsas futbolçu ilə Qvardiolanın bu mövsümün sonunda "Siti"dən ayrılacağı gözlənilsə də, 49 yaşlı mütəxəssis bu fikirdə deyil.

Qeyd edək ki, "Mançester Siti"ni bununla belə daha bir neçə ciddi "zərbə" gözləyir. Belə ki, komandanın 2014-cü ildə qazanmış olduğu Premyer Liqa çempionluğu ləğv edilə bilər, habelə "şəhərlilər"in aktivindən xallar da silinə bilər.

Xatırladaq ki, Qvardiolanın "Mançester Siti" ilə olan müqaviləsi 2021-ci ildə başa çatacaq.

Daşqın Əziz