Bu gün İngiltərə mətbuatında maraqlı bir yazı dərc edilib.

Offsideplus.az xəbər verir ki, məlumatda "Çelsi"nin əfsanəvi futbolçusu Con Terrinin illər öncə "Mançester Siti"nin hazırkı forvardı Serxio Aqueronun "zadəganlar"a transferinin qarşısını aldığı qeyd edilib. Belə ki, 2010-cu ildə hələ Madrid "Atletiko"sunda çıxış edərkən, "Çelsi" argentinalı hücumçu üçün qarşı tərəfə 30 milyon funt-sterlinq təklif edib. Madrid klubu isə Aquero üçün daha artıq məbləğ tələb edib və tərəflər razılıq əldə ediblər.

Həmin mövsümdə hər iki klub Çempionlar Liqasının eyni qrupunda yer alıb. Con Terrinin isə sözügedən hücumçunun "Çelsi"yə gətirilməsinin qarşısının alınmasında böyük rol oynadığı iddia edilib.

Qeyd edək ki, 31 yaşlı Aquero 2011-ci ildə "Atletiko"dan "Mançester Siti"yə transfer edilib. O, çıxdığı 253 oyunda 173 dəfə rəqib qapılarına yol tapıb.