“Barselona”nın futbolçusu Jerar Pike Kataloniya klubunun rəhbərliyi və kapitan Lionel Messi haqqında danışıb.



Offsideplus.az  xəbər verir ki, 33 yaşlı müdafiəçi klub prezidenti Xosep Bartomeunun meneceri Xaime Masferrerin sosial şəbəkələrdə komandanın əfsanəvi futbolçularını tənqid edən hesablarının üzə çıxmasını sərt şəkildə pisləyib: “Klubun bizi tənqid etmək üçün pul xərcləməsi rüsvayçılıqdır. Üstəlik bu işin içində olan birinin hələ də “Barselona”da işləməsi təəssüf doğurur”.

İspaniyalı oyunçu kapitan Lionel Messinin komandada qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırarkən növbəti dəfə klub rəhbəliyini tənqid edib: “Leo klubdan ayrılmaq istəyəndə ona dözməsini məsləhət gördüm. “Nou Kamp”a Messinin adı verilməlidir. O, hər şey edir. Düşünün, tarixin ən yaxşı futbolçusu klub rəhbərliyinin onu dinləmədiyi üçün seçim etmək məcburiyyətində qalır. Bu, həqiqətən də şoka salan bir hadisədir. Qvardiola, Xavi, Puyol kimi insanların klubda olmamağı məni çox təəccübləndirir. Onları fərqli vəzifələrdə olsa belə, klubda saxlamaq lazım idi. Həmin insanlar “Barselona”nın tarixi deməkdir”.

Pike “Barselona” rəhbərliyinin futbolçulardan maaşlarında kluba güzəşt olunmasını da düzgün şəkildə istəmədiyini vurğulayıb: “Mən buna rəğmən müqaviləmi yenilədim. Çünki əlimdə olan hər şeyi “Barselona”ya borcluyam. Amma rəhbərliyin bu dövrdəki münasibəti çox səhv idi”.

Qeyd edək ki, "Barselona"nın oyunçularından yalnız Pike, Mark-Andre ter Ştegen, Frenki de Yonq və Kleman Lanqle koronavirus pandemiyasının büdcədə yaratdığı probemlərə görə məvaciblərində güzəştə getməyə razı olublar.